AZ

TKTA: 2026-cı ilin I rübündə 10 nəfər peşə sənədi əldə edib

2026-cı ilin I rübü ərzində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən Qeyri-formal və informal təhsilin tanınması (QFİTT) istiqamətində qiymətləndirmə və tanınma prosesi həyata keçirilib.

AzEdu.az xəbər verir ki, bu barədə məlumat Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 2026-cı ilin I rübü üzrə elektron bülletenində əksini tapıb.

Proses çərçivəsində formal təhsilə çıxış imkanları məhdud olan vətəndaşların “Avtomobil mühərriklərinin yığıcısı”, “Aşpaz”, “Bərbər”, “Bərbər-vizajist-manikürçü”, “Dərzi” və “Qənnadçı-şirniyyatçı” peşə ixtisasları üzrə qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübə qiymətləndirilib və tanınıb.

Belə ki, 2026-cı ilin I rübündə QFİTT istiqamətində müxtəlif ixtisaslar üzrə ümumilikdə 64 nəfər TKTA-ya müraciət edib. Sənədlərə ilkin baxışdan sonra 50 nəfər qiymətləndirmə mərhələsinə cəlb olunub.

Onlardan 29 nəfər məqbul, 21 nəfər isə qeyri-məqbul nəticə göstərib. Növbəti mərhələdə bacarıq, səriştə və təcrübələrin qiymətləndirilməsi prosesinə 6 nəfər cəlb olunub və onlardan 6 nəfər uğur qazanaraq peşə sənədi əldə edib. 23 nəfər isə praktiki imtahan mərhələsini gözləmə vəziyyətindədir.

Bununla yanaşı, ötən il nəzəri imtahan mərhələsini uğurla başa vuran 11 nəfərin cari ildə bacarıq və səriştələri qiymətləndirilib. Onlardan 4 nəfər müsbət nəticə göstərərək peşə sənədi əldə edib. Beləliklə, cari il ümumilikdə 10 nəfər vətəndaş peşə sənədi əldə edib.

Seçilən
10
azedu.az

1Mənbələr