AZ

ABŞ-İran danışıqlarında kritik nöqtə: Gözləntilər nələrdir?

İranın xarici işlər naziri Abbas Əraqçi ilə ABŞ-dən İrana mesaj çatdırmaq və iki ölkə arasında ikinci mərhələ danışıqlarını planlaşdırmaq məqsədilə Tehrana səfər edən Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, feldmarşal Asım Munir görüş keçirib. 

Görüşün məzmunu ilə bağlı detallı açıqlama verilməyib. A.Munirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdən sonra ABŞ ilə danışıqların növbəti mərhələsi ilə bağlı qərar veriləcəyi düşünülür. 

Qeyd olunur ki, bu səfər tərəflər arasında aparılan danışıqlarda yeni mərhələnin başlanmasına zəmin yarada bilər. İkinci mərhələ görüşlərinin vaxtı və gündəliyi məhz bu təmaslardan sonra dəqiqləşəcək.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, İran Prezidenti Məsud Pezeşkian hər zaman dialoqa hazır olduqlarını, lakin ölkəni təslim olmağa məcbur etmək cəhdlərinin uğursuzluğa məhkum olduğunu bildirib.

Beynəlxalq sistemdəki “ikili standartları” tənqid edən Pezeşkian hər hansı ölkəyə hərbi hücumların “ümumdünya qəbul edilmiş” prinsiplərə zidd olduğunu, ABŞ və İsrailin İrana qarşı başlatdığı müharibənin də qanunsuz olduğunu vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp isə İranla bağlı müvəqqəti atəşkəsin uzadılması xəbərlərinə münasibət bildirib. O, qarşıdakı iki gün ərzində çox mühüm və diqqətçəkən hadisələrin baş verəcəyini deyib.

Trampın sözlərinə görə, proses ya razılaşma ilə, ya da İranın imkanlarının tamamilə məhv edilməsi ilə başa çata bilər: “Ancaq razılaşma daha yaxşı olardı”.

O, həmçinin İranda radikal qüvvələrin artıq aradan getdiyini iddia edib.

Tramp əlavə edib ki, özü prezident olmasaydı, dünya çoxdan tam xaosa sürüklənmiş olardı.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən politoloq Qulamhüseyn Əlibəyli bildirib ki, Pakistanın vasitəçiliyi ilə keçirilən ilk ABŞ-İran danışıqlarının konkret nəticə olmadan yekunlaşması gözlənilən idi. 

Onun sözlərinə görə, danışıqlardan əvvəl hər  iki tərəf ayrı-ayrılıqda özlərini qalib hesab edərək maksimalist tələblər irəli sürmüşdü:

“Eyni zamanda, hər iki tərəf öz tələblərinin qəbul olunmayacağı təqdirdə digər tərəfi hədələyən ritorikaya üstünlük verirdi. Görüşdən sonra da tərəflərin açıqlamalarında ziddiyyətli məqamlar çox idi.

Adətən bir-birini üzün müddət qəbul etməyən və vasitəçilərin köməyi ilə danışıqlar masasına oturan tərəflər arasındakı ziddiyyətləri aradan qaldırmaq və mövqeləri uzlaşdıraraq yekun nəticəyə gəlmək ilk görüşdə və danışıqlarda mümkün olmur. 

İlk danışıqlar tərəflər bir qayda olaraq öz mövqelərini qoruyub saxlamaq, digər tərəfin isə arqumentlərini mübahisələndirmək xarakteri daşıyır. Bu baxımdan, İslamabadda ABŞ-İran danışıqlarının birinci raundunda yekun razılaşma olacağını güman etmək sadəlövhlük olardı”.

Politoloq əlavə edib ki, ABŞ–İran danışıqları ilə bağlı Trampın son açıqlaması bir neçə cəhətdən dəyərləndirilə bilər:

“Birincisi, bu danışıqlar İrana, ABŞ-nin daxilinə, müttəfiqlərinə, bütövlükdə dünyaya ünvanlanan mesaj hesab oluna bilər. Tramp bununla ABŞ-nin əlavə şərtlər olmadan danışıqları davam etdirməyə hazır olduğunu bildirmək istəyir.

Trampın danışıqların birinci raundundan sonra  istədiyi halda İranı çox qısa müddətdə - bir gündə, bir saatda məhv edə biləcəyi barədə bəyanatından bir qədər sonra Hörmüz boğazını blokadaya almaq və boğazdan açıq dənizə çıxan İran gəmilərini məhv etmək barədə fikir bildirməsi sərt müharibə ritorikasının nisbətən mülayim ritorika ilə əvəzləndiyini deməyə əsas verir.

Lakin Hörmüz boğazını blokadaya alınması həm də İrana qarşı təzyiq və hədə qorxu vasitəsilə onu danışıqların davam etdirilməsinə məcbur etmək mexanizmi kimi də qiymətləndirilə bilər.

Məlumdur ki, İranla müharibəyə qarşı ABŞ daxilində və onun müttəfiqləri arasında etirazlar güclənir. Amerika cəmiyyəti Venesuelada olduğu kimi qısamüddətli hərbi əməliyyatları bəyənsə də, uzunmüddətli müharibə aparılmasına tam tərəfdar deyil və İranla müharibənin hər gününün vergi ödəyicilərinə milyardlarla dollara başa gəlməsinin fərqindədir.

Nəzərə alınmalıdır ki, noyabrda ABŞ Konqresinə aralıq seçkilər keçiriləcək. Tramp bu seçkilərə qədər özünün və mənsub olduğu Respublikaçılar Partiyasının nüfuzunu daha da qaldırmaq və seçkilərdə qələbə qazanmaq üçün daxili auditoriyaya, Amerika seçicilərinə yönəlik siyasətə üstünlük verməlidir. Müharibənin davam etməsi həm Trampın özünün, həm də respublikaçıların reytinqinə məni təsir edə bilər”.

Qulamhüseyn Əlibəyli qeyd edib ki, ABŞ-nin müttəfiqləri olan Avropa ölkələrinin əksəriyyəti də enerji təhlükəsizliyi və iqtisadi maraqlar baxımında  müharibənin davam etməsinə tərəfdar deyillər: 

“Müharibənin davam etməsi yalnız İsrailin maraqlarına uyğundur və ABŞ dövlət mexanizmi Avropa müttəfiqlərini İsrailin maraqlarına qurban vermək istəməz. Ona görə də Trampın bəyanatı ABŞ-nin müharibəni yox, diplomatik danışıqlara üstünlük verdiyinə dair, bir tərəfdən daxili auditoriyaya, digər tərəfdən isə öz müttəfiqlərinə ünvanlanan mesaj kimi də qəbul edilə bilər.

İkincisi, Trampın bəyanatı taktiki gediş kimi də qiymətləndirilə bilər. Belə ki, Tramp qabaqcadan proqnozlaşdırılası çətin olan siyasətçilərdəndir. İstənilən an söylədiyi fikrə qarşı diametral əks mövqedən çıxış edib qərarlar qəbul edə bilər.

Bu baxımdan, bu bəyanatın müəyyən bir manevr olduğunu, sonradan İranı ittiham edərək müharibənin davam etdirilməsinə hazırlıq üçün vaxt qazanmaq niyyətilə verildiyini də ehtimal etmək mümkündür”. 

Onun sözlərinə görə, üçüncüsü isə Trampın yaxın 2 günlə bağlı açıqlaması publik qarşılıqlı ittihamlara baxmayaraq pərdəarxası diplomatik fəaliyyətin getdiyini təsdiq edən məqam da hesab oluna bilər:

“Bu da Trampın kiçik bir güzəştlə özünü və Amerikanı qalib edərək müharibədən çıxmaq ehtimalını daha inandırıcı edir. Hörmüz boğazından ticarət gəmilərinin gediş-gəlişinə İran tərəfindən yaradılmış maneələrin aradan qaldırılması belə güzəşt kimi qəbul oluna bilər.

Onsuz da İran texniki məsələlərin həlli şərtilə 14 günlük atəşkəs müddətində boğazdan maneəsiz keçidin təmin olunacağını rəsmən bildirib. Buna görə də Hörmüz boğazından maneəsiz keçidin təmin olunması Trampın İrana qarşı təzyiq və hədə qorxusu, habelə boğazın ABŞ-nin hərb gəmiləri tərəfindən blokadaya alınmasının nəticəsi və ABŞ-nin möhtəşəm qələbəsi kimi qələmə verilə bilər.

Artıq məlumdur ki, təxminən bir saat əvvəl Tramp Hörmüz boğazının dəniz blokadasının götürüldüyünü və gediş-gəlişin açıq olduğunu bildirib. Bu, o deməkdir ki, pərdəarxası diplomatiya öz sözünü deyib və mübahisəli məsələlərdən biri barədə razılaşma olub. Deməli, digər məsələlər barədə razılaşmanın olacağını istisna etmək olmaz”.

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr