AZ

Raqif Raufoğlu: “Bir çox insanlar güzəştlərdən yararlanmaq üçün hətta evini sataraq bu sahəyə investisiya qoydu”

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

2026-cı ilin yanvar-mart ayında Azərbaycan 339 milyon 631 min dollar dəyərində cəmi 15 351 ədəd avtomobil idxal olunub.

Bizimyol.info Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 15 %, miqdar ifadəsilə 33 % azalıb.

O cümlədən, 2025-ci ilin yanvar-mart aylarında isə Azərbaycana 400 milyon 252 min dollar dəyərində 22 936 ədəd avtomobil gətirilib.

Bu ilin ilk üç ayında Azərbaycana gətirilən minik avtomobillərinin idxalı 13 359 ədəd ikən, əvvəlki ildə 20 946 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 36% azalıb.

Bəs 2026-cı ilin əvvəlində avtomobil idxalının azalmasının əsas səbəbləri nədir?

Nəqliyyat eksperti Raqif Raufoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ötən ilin noyabr və dekabr aylarında ölkəyə kifayət qədər çox avtomobil gətirildi: “Əslində belə də gözlənilən idi. Birincisi, güzəştlərin ləğv olunması fonunda ümumi tələb-təklif balansı dəyişdi. Çoxusu daxili bazara üz tutur. Əsas səbəblərdən biri odur ki, ötən ilin sonuna doğru bazarda ciddi sıçrayış yaşandı. Güzəştlərin son aylarında - xüsusilə, ötən ilin noyabrındavə dekabrında ölkəyə kifayət qədər çox avtomobil gətirildi. Bu da onunla bağlı idi ki, bir çox insanlar güzəştlərdən yararlanmaq üçün hətta evini sataraq, bu sahəyə investisiya qoydu və qiymətlərin artacağına ümid etdi. Lakin gözləntilər özünü doğrultmadı. Bazara çox sayda avtomobil daxil olduğu üçün indi həmin avtomobilləri gətirənlər onları baha sata bilmirlər. Məsələn, əvvəllər 30-35 min manata olan avtomobillər 40 min manata qədər yüksəlmişdisə, hazırda yenidən 30 min civarına qayıdıb. Hətta bəzi hallarda idxalçılar avtomobilləri əvvəlki qiymətdən də ucuz satmağa çalışırlar. Ona görə ki, bazara kifayət qədər çox avtomobil gətirilib. Alıcı qüvvəsi isə yetərli deyil. Üstəlik, insanlar hazırda daha çox gözləmə mövqeyindədir”.

Raqif Raufoğlu qeyd edib ki, əlində pulu olanlar gözləmə mövqeyinə üstünlük verir: “Bizə olan müraciətlərdə də bunu aydın görürük. Artıq təkcə Çin avtomobilləri deyil, Amerika və Koreya bazarlarından ənənəvi avtomobillər haqqında da sorğular artmağa başlayıb. Yəni gətirilən avtomobillərin hamısı uğurlu sayılmadı, bəziləri ehtiyat hissələri ilə bağlı çətinlik yaşadı, başqaları isə başqa problemlərlə üzləşdi. Qeyd etdiyim kimi, hazırda alıcılıq qabiliyyəti aşağı düşüb və insanların əksəriyyəti gözləmə mövqeyində qalmağı üstün tutur.

Yəni əlində pulu olanlar gözləməyə üstünlük verir, ümumi vəziyyətin necə olacağını görmək istəyirlər. Bunun fonunda, təbii ki, xaricdən avtomobil gətirənlərin sayı azalır. Çünki daxili bazarda həmin avtomobillərin kifayət qədər sıfır kilometrlə və yeni variantları var.

Ancaq fərdi şəkildə, öz istədiyi avtomobili gətirənlər də var ki, onlar üçün bu amillər o qədər də önəmli deyil. Yəni güzəştlər ləğv olunsa belə, öz arzuladıqları avtomobili Amerika və ya Koreya bazarından almağa çalışırlar. Əsas faktor da məhz budur və bunu ötən ilin son statistik göstəricilərinə baxdıqda da görmək mümkündür”.

Günel Həsənova, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
bizimyol.info

1Mənbələr