“IGCSE ilə İnkişaf Et: Xarici dil müəllimlər üçün dil biliklərinin təkmilləşdirilməsi kursu” qrant layihəsi müəllimlərin beynəlxalq dil bacarıqlarını gücləndirməyə davam edir.
Xarici dil müəllimlərinin beynəlxalq səviyyədə bilik və bacarıqlarının artırılmasına yönəlmiş “IGCSE ilə İnkişaf Et: Xarici dil müəllimlər üçün dil biliklərinin təkmilləşdirilməsi kursu” layihəsi çərçivəsində ingilis dili müəllimlərinin peşəkar inkişafını dəstəkləyən bir sıra fəaliyyətlər həyata keçirilib.
Layihə çərçivəsində seçilmiş 3 ingilis dili müəllimi Cambridge Assessment International Education tərəfindən təqdim olunan Cambridge IGCSE proqramı üzrə beynəlxalq kurikuluma uyğun təlimlərə cəlb olunub. Kurs müddətində müəllimlərin aktiv iştirakı davamlı olaraq izlənilib və onların inkişafı əsas modullar üzrə qiymətləndirilib. Eyni zamanda müəllimlərə mentor dəstəyi göstərilərək öyrənilən biliklərin daha effektiv mənimsənilməsi təmin olunub.
Kursu uğurla tamamlayan hər bir müəllim tərəfindən ayrıca seminarların təşkili planlaşdırılıb. Bu seminarların hər birində təxminən 10 nəfər ingilis dili müəlliminin iştirakı nəzərdə tutulur və ümumilikdə 30 nəfər pedaqoji heyət bu prosesə cəlb olunacaq. Seminarlar interaktiv formatda keçiriləcək, kurs çərçivəsində öyrənilən metod və yanaşmaların təqdimatı, müzakirəsi və nümunə dərs modellərinin nümayişi ilə müşayiət olunacaq.
Layihənin yekun mərhələsində isə əldə olunan nəticələrin təqdim ediləcəyi bağlanış mərasiminin keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, layihə Leyla Mustafayeva tərəfindən Qəbələ şəhəri Vahid Qəhrəmanov adına 1 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX Qrant Müsabiqəsi çərçivəsində həyata keçirilir.








