AZ

Alman ailəsinin seyfindən çıxan ... mədəniyyət

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Alman kişi 15 avro verib, internet üzərindən işlənmiş seyf alıb. Seyfin içindən 33 min avro dəyərində qızıl külçə çıxıb. Alıcı külçəyə əl vurmayıb, dərhal polisə xəbər verib. Satıcı deyir ki, seyf babasınındır; onun adından satıb. Polis isə deyir, seyf öz sahibinə geri qaytarılacaq.

Səhər-səhər bunu oxudum, əvvəlcə məni acı bir gülmək tutdu: öz-özümə dedim: "Nə olsun?! Biz də nazirlərimizin evindən çoxlu qızıl külçə tapanda dövlətə qaytarırıq da. Sonra da adamı türmədən buraxıb, o külçələrdən bir qismini özünə geri veririk".

Amma sonra xeyli düşüncələrə daldım.

Aman Allah! Adi bir alver predmeti olmuş köhnə seyf birdən-birə böyük toplumun, bütövlükdə isə insanlığın vicdan ölçüsünə çevrilib; ictimai əxlaqın indikatoru kimi çıxış edib. Həm seyf alıb satan insanların - vətəndaşların, həm də dövlətin davranışları sınağa çəkilib.

Əslində bəlkə sınaq da yoxdur; ta qədimdən bu günə əmlak hüququ müqəddəsdir. İnsanların əmlakı toxunulmazdır. Dövlətin də. Nəticədə dövlət də insanlardan ibarətdir.

"Mənimki olmayanı mənimsəməmək" mədəni millətin ən xas özəlliyi olsa gərək. Alman təfəkkürü özgəsinə məxsus olanı özününküləşdirməyi ayıb sayır.

Yeri gəlmişkən, Macarıstanda seçki keçirildi, 16 illik Viktor Orban dövrü sanki qapandı. Seçkidə 38 faiz səslə uduzmuş Orban 53 faiz səslə qalib gəlmiş Peter Madyarı qələbə münasibətilə təbrik etdi. Orbanın buna gücü çatdı.

Bir də ki axı qazanan ölkədirsə, siyasətçilər niyə bir-birinin qələbəsini qısqansın?! Bir də ki Macar xalqı təkcə 53 faizlə seçilmiş güclü hökumət qazanmadı, həm də 47 faiz səslə uduzmuş güclü müxalifət qazandı. Hər ikisi ölkənin siyasi karıdır. Elə deyilmi?!

...Biz bəzən elə bilirik, mədəniyyət, sadəcə, çal-çağırdır, mahnı oxumaq, sındıra-sındıra oynamaqdır. Yox!

Mədəniyyət həm də (və daha çox!) aldığın seyfdən tapdığın külçəni sahibinə qaytarmaqdır, tapdığın portmanatı geri verməkdir.

Mədəniyyət sənə etibar olunana əl uzatmamaqdır. Büdcə vəsaitlərini oğurlamamaqdır. Bağçada uşağın qabındakı ət parçasını götürüb yeməməkdir. Qocalar evinin ərzağını öz evinə daşımamaqdır.

Mədəniyyət kəndlinin torpağını su qiymətinə qamarlayıb, orda villa tikməməkdir. Mədəniyyət öz sərmayəsi ilə istehsalat qurub, dünya bazarına məhsul çıxaran sahibkarı qorxudub, biznesinə çökməməkdir.

Mədəniyyət elədiyini deyə bilmək, dediyini eləyə bilməkdir...

Yoxsa mikrofon tutmağa, zəngulə vurmağa qalsa, Qarabağda, Şirvanda... kənd-kəsək doludur...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi,  bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
24
bizimyol.info

1Mənbələr