AZ

Aleksey Overçuk: İşgüzar dairələrə “Şimal–Cənub” dəhlizinin potensialından daha fəal istifadə etmək təklif olunub

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan və Rusiya ticarət-iqtisadi əməkdaşlığın daha da genişləndirilməsində və mövcud potensialdan daha səmərəli istifadədə maraqlıdırlar.

AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Bakıda keçirilən Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasının yekununda jurnalistlərə açıqlaması zamanı deyib.

Aleksey Overçuk qeyd edib ki, hökumətlərarası qarşılıqlı fəaliyyət çərçivəsində zəruri hüquqi baza formalaşdırılıb və ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün şərait yaradılıb.

“Hər iki tərəf əməkdaşlığın inkişafında maraqlıdır ki, bu da həm siyasi iradə, həm də praktiki addımlarla təsdiqlənir. İşgüzar Şuranın nümayəndələri ilə görüşdə bir gün əvvəl keçirilmiş Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclasının nəticələri təqdim olunub. Müzakirələr zamanı “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində açılan imkanlara xüsusi diqqət yetirilib. Azərbaycan və Rusiya işgüzar dairələrinin nümayəndələrinə yeni imkanlardan, o cümlədən Avrasiya İqtisadi İttifaqı ilə İran arasında azad ticarət sazişi ilə bağlı yaranan perspektivlərdən daha fəal istifadə etmək təklif olunub. Nəqliyyat infrastrukturunun inkişafı və logistika marşrutlarının genişlənməsi qarşılıqlı ticarət və investisiya həcmlərinin artırılması üçün əlavə imkanlar yaradır”, - deyə Aleksey Overçuk əlavə edib.

Aleksey Overçuk əminliyini ifadə edib ki, aparılan müzakirələr yeni təşəbbüslərin formalaşmasına və iki ölkənin sahibkarları arasında işgüzar əlaqələrin daha da fəallaşmasına töhfə verəcək.

Fotoqraf - Azər İbrahimov
Video - Vüsal Tağıyev

 

Seçilən
45
1
azertag.az

2Mənbələr