AZ

Kürdəmir Dəmiryol Stansiyası yenidən istifadəyə verildi – media nümayəndələri ilk səfəri etdi FOTOLAR

 

Bu gün Kürdəmir rayonunda mühüm nəqliyyat hadisəsi baş verib. Əsaslı təmir və yenidənqurmadan sonra Kürdəmir Dəmiryol Stansiyasının açılış mərasimi keçirilib. Yenilənmiş stansiya artıq sərnişinlərin istifadəsinə verilib.

Redaktor.az xəbər verir ki, açılış günü Bakıdan Kürdəmirə ilk qatar səfəri də təşkil olunub. Bu marşrut üzrə ilk sərnişinlər isə media nümayəndələri olub. Jurnalistlər paytaxtdan yola düşərək Kürdəmirə cəmi 2 saat 11 dəqiqəyə çatıb. Səfər zamanı sərnişinlərə yüksək səviyyədə xidmət göstərildiyi bildirilib.

Kürdəmirdə təşkil olunan rəsmi mərasimdə "Azərbaycan Dəmir Yolları"nın rəsmiləri və Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək görülən işlərin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, yenilənmiş stansiya bölgənin nəqliyyat imkanlarını genişləndirəcək və sərnişin rahatlığını artıracaq.

Tədbirin sonunda “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərin suallarını cavablandırıb. Eyni zamanda media nümayəndələri nəqliyyat sahəsi üzrə ekspertlərlə də fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.

Yenilənmiş Kürdəmir Dəmiryol Stansiyasının istifadəyə verilməsi regionda dəmir yolu infrastrukturunun inkişafı istiqamətində atılan növbəti addım kimi qiymətləndirilir.

Aytəkin TOFİQQIZI

22222222222
Seçilən
23
1
redaktor.az

2Mənbələr