AZ

Qazaxda Səməd Vurğunun 120 illiyinə həsr olunmuş tədbir: “Vurğun keçib bu yerlərdən”

Qazax, 17 aprel, AZƏRTAC

Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş “Vurğun keçib bu yerlərdən” adlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, əvvəlcə Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılığına həsr edilmiş kitab və rəsmlərdən ibarət sərgiyə baxış olub.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Vurğun keçib bu yerlərdən” filmi nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər Səməd Vurğunun həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətlərindən, milli poeziyanın inkişafında müstəsna rolundan danışıblar.

Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdlərinin təqdimatında şairin əsərlərindən ibarət ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tədbir Qazax şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin xor qrupunun saz ifası ilə sona çatıb.

Müxbir -Ruslan Novruzoğlu

Seçilən
16
azertag.az

1Mənbələr