AZ

Pakistanlı jurnalist: Azərbaycan Pakistan üçün çox dəyərlidir MÜSAHİBƏ

ain.az bildirir, Modern.az portalına istinadən.

Rana Latif: "Azərbaycan mədəniyyəti ilə fəxr edirəm"

Modern.az saytı xarici jurnalistlərlə silsilə müsahibələri davam etdirir. Bu müsahibələrdə həmin jurnalistlərin Azərbaycan və azərbaycanlılar barədə təsəvvürlərini öyrənməyə, iki ölkə arasında ortaq cəhətləri araşdırmağa çalışır, digər məsələlər barədə fikir mübadiləsi aparırıq.

Budəfəki müsahibimiz Pakistandan olan jurnalist Rana Latifdir. O, Pakistan Jurnalistlər Fondunun (PJF) prezidenti, Əməkdar jurnalistdir.

Pakistanlı jurnalistlə müsahibəni təqdim edirik:

– Rana bəy, jurnalistika hər ölkədə fərqli şəkildə təzahür edir. Pakistanda jurnalistika necə görünür?

– Pakistanda jurnalistika tam da açıq deyil, ortada bir sıra məhdudiyyətlər mövcuddur.

– Pakistan media mühitini fərqləndirən xüsusiyyətlər nələrdir?

– Pakistanda bu gün çap mediası demək olar ki, tamamilə məhv olub, hətta yox olmaq üzrədir. Elektron media süni şəkildə yaşadılır və fəaliyyətinin son mərhələsindədir. Rəqəmsal mediaya da ciddi məhdudiyyətlər tətbiq olunur.                         

– Sizin fikrinizcə, Pakistan mediası tam azaddır, yoxsa müəyyən məhdudiyyətlər var?

– Xeyr, tam azad deyil, jurnalistlər son dərəcə ağır şəraitdə çalışırlar. Şəxsən mən özüm iki dəfə sui-qəsd cəhdinə məruz qalmışam, üzərimə birbaşa atəş açılıb.

– Jurnalistlər hansı əsas çətinliklərlə üzləşirlər?

– İnformasiya Nazirliyi jurnalistlər üçün əsas qurum hesab olunur və “dördüncü hakimiyyət”in dayağı sayılır. Mətbuat və İnformasiya Departamentinin rəhbəri Mübaşir Həsən artıq 7 ildir bu vəzifədədir. Onun fəaliyyəti nəticəsində çap, elektron və rəqəmsal media ciddi zərər görüb. Bu proses əsasən qeyri-rəsmi gəlirlər əldə etmək məqsədi ilə həyata keçirilib və nəticədə jurnalistlər işsiz qalıblar.

– Necə düşünürsünüz, media dövlət maraqları ilə həqiqət arasında seçim etməli olduqda hansını üstün tutmalıdır?

– Pakistan jurnalistləri çox çətin şəraitdə çalışırlar. Həqiqəti tam şəkildə yazmaq çətindir. Müəyyən qədər həqiqət təqdim olunsa da, qalan hissə dövlət maraqları çərçivəsində verilir. Çünki sistemdən kənarda fəaliyyət göstərmək mümkün deyil.

– Pakistanda jurnalistlərin başlanğıc maaşı nə qədərdir?

– Yanlış idarəçilik və qeyri-rəsmi maliyyə maraqları səbəbindən jurnalistlərin maaş səviyyəsi demək olar ki, yoxdur. Bir çox jurnalist yoxsulluq həddindən aşağı yaşayır. Mən özüm bu vəziyyətə etiraz etdiyim üçün şirkətim çətin vəziyyətə düşüb və son 5 ildə əməkhaqqını şəxsi vəsaitim hesabına ödəyirəm.

– Pakistanda Azərbaycan necə tanınır?

– Azərbaycan Pakistan üçün çox dəyərli və xüsusi əhəmiyyətə malik ölkədir. Bir sözlə, Azərbaycan Pakistanın gözüdür.

– Pakistan mediasında Azərbaycan haqqında hansı mövzular daha çox işıqlandırılır?

– Pakistan mediasında Azərbaycan barədə əsasən onun biznes imkanları, uğurlu dövlət siyasəti, siyasətçilərin müsbət addımları və korrupsiyasız idarəçilik kimi mövzular ön plana çıxır. Azərbaycan Pakistan üçün sanki ürək kimidir.

– İran-ABŞ qarşıdurması fonunda Pakistanın vasitəçiliyi ilə danışıqların effektiv olacağını düşünürsünüzmü?

– Bəli, tam əminliklə deyə bilərəm ki, bu danışıqlar müsbət nəticə verəcək və Pakistanın sülhyönümlü fəaliyyəti dünya tərəfindən yüksək qiymətləndiriləcək.

– Niyə məhz Pakistanın vasitəçiliyi qəbul edildi?

– Pakistan regionda və dünyada sülhün qorunmasında maraqlıdır. Ölkə nüvə dövlətidir və nüvə müharibəsinin nəticələrini yaxşı anlayır. Bu səbəbdən məhz Pakistanın vasitəçiliyi qəbul edildi.

– İranın körfəzdəki ərəb ölkələrinə hücumu ilə bağlı Pakistanın mövqeyi necədir?

– Bu addım yanlış hesab olunur və dayandırılmalıdır.

– Azərbaycan Pakistandan JF-17C qırıcı təyyarələri alıb. Hərbi sahədə münasibətləri necə qiymətləndirirsiniz?

– Hərbi münasibətlər çox yaxşıdır. Bu sahədə əməkdaşlıq genişlənməli, birgə təlimlər və əməliyyatlar artırılmalıdır.

– Pakistan cəmiyyətində son illərdə hansı dəyişikliklər baş verib?

– Pakistan investisiya, idxal-ixrac, turizm və kənd təsərrüfatı sahələrində inkişaf edən ölkədir.

– Pakistanlıların gündəlik qida vərdişləri necədir?

– Əsasən halal və orqanik qidalara üstünlük verilir.

– Sosial və mədəni baxımdan hansı xüsusiyyətlər fərqlənir?

– Qonaqpərvərlik və qonaqlara hörmət əsas xüsusiyyətlərdəndir.

– Azərbaycan mədəniyyəti ilə tanışsınızmı?

– Bəli, Azərbaycan mədəniyyəti çox xoşuma gəlir və sizin ölkəninizi ziyarət etməyi çox istərdim.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
modern.az

1Mənbələr