AZ

Mənim yaşımda sevgidən ölən olmayıb hələ... Camal sözün başına nə oyunlar qaldı açmamış?!

Kulis.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Kulis.az Südabə Ağabalayevanın "Üzü dan üzünə" yazısını təqdim edir.

(Camal Yusifzadənin AĞ kitabı ilə bağlı düşüncələr)

Salam, Dost!

Hiss edirsənmi, son vaxtlar kitab tərtibi ilə bağlı vəziyyət zövqümüzün və mədəniyyətimizin arzuolunmaz göstəricisinə çevrilib?! Bər - bəzəkli, zər - zibalı xanımlar, əli çənəsində, dalğın baxışları uzaqlara dikilmiş mütəfəkkir görkəmli bəylər....kitabın üz qabığından elə baxırlar ki, adam qorxur kitabdan da, sözdən də. Niyə biz öz şəklimizə bu qədər vurğunuq, bayağı şəkildə aludəyik? Məncə, sözümüzdən, yazımızdan arxayın deyilik deyə! Sözümüzdən, yazdığımızdan əminliyimiz olanda, bəmbəyaz vərəqə, ağ kağıza yazılan söz üz ağardır, könül oxşayır, qanımızı duruldur. O da kitabını elə bu arxayınlıq rəngində çıxarıb; ağ kitabda qara hərflərlə elə belə də yazılıb: Camal Yusifzadə Poeziya

Sadə, adi. rahat. İlk rəsm kimi – ağ fonda qara çərçivə.Və bu, Camalın əminliyinin şəkilidir. Belədə oxucu kitabı əlinə alanda özünü yığışdırır; deyəsən, bu adam nə isə deyib axı...ən başlıcası, nə dediyini özü bilib əvvəldən. Elədir ki var. İlk dəfə onu oxuyan kəsdən başqa, adla, imzayla çoxdanın tanışlarısa:-- Ooooo...Camalın kitabı!...- deyə seviniblər. Mən də sevindim, oxuyub sevindim, oxuya – oxuya sevindim...sevindim ki, bu qədər özünəbənzər, fərqli, içi şeirlə dopdolu bir şairi tanıdım. Hər şeirində sözü tumurcuqlayan şair tutiya kimi bir şeydir bu gün. O da ola şairin özünə məktubları... Bilirsən məktubları niyə sevirəm? Çünki məktub insanın özü olduğu yeganə yerdir... özünə məktub yaza bilən insan bəlkə fərqinə varmır necə xoşbəxtdir! Camal Yusifzadə də fərqinə varmır xoşbəxtliyinin.Yoxsa, qorxulardan yazmazdı...insanın insandan qorxması qədər ağır faciə olarmı? Insanın insana bundan böyük ittihamı ola bilərmi?

Camal Yusifzadə, bəlkə, utandığından, bu faciənin adını nəm təsəlli qoyub?! Ola bilər... Çünki, şeirlərində həssaslığı, başqa cür olması o dəqiqə hiss olunur; eyvandan payıza baxan qadını yaşamaq, üstündə ağlamağa ana arzulamaq, gözün ürəkdən gec gördüyünü bilmək, vətəndaş müharibəsinin özəlliyini sezmək (Vətəndaş müharibəsində əsir olmur) qədərində həssas olmağın adına şairlik deyirlər də, elə deyilmi? Vətəndaş müharibəsində ona görə əsir olmur ki, bu müharibədə iştirak edənlər elə bəri başdan əsirdilər; nəfsin, hikkənin, kor iddianın əsiri...Sonra hiss elədim ki, hər səhifəni oxuyanda Camalın Prokrus çarpayısına məhəl qoymamasına şevinmişdim. Ona görə ki, vəzni sərbəst şeir deyilən nəsnənin dadını – duzunu hiss etdirir Camalın şeirləri...Deyəsən, bu adam, doğrudan da, şeir yazmır, şeir yazmaq onluq deyil. Niyəsini Sən məndən də əvvəl bilirsən; Camal Yusifzadə şairdir!Vəssalam! Şairin şeir yazdığını kim görüb?Şair yerlə - göylə, ərşlə - gürşlə, odla, günəşlə, suyla, yosunla, dağla, dərdlə danışa - dilləşə, Tarix yazar - yaşadar! Adamın qəlbinin gözünü açar, adamın yaxasından tutub yoluna gətirər – haqqın yoluna: Allahdan savayı qalib yoxdur!Axırına da bir nida qoyar və bu nida mismar kimi bu misranı çalar ruhuna...

Camal Yusifzadənin Həvva xalasını tanıyırsanmı, dostum? Yox deməyə tələsmə, Camalı dinlə, gör necə tanışlıq verəcək...sonra di gəl unut, ya da de ki tanımıram:

Oğul dərdi közərirdi dilində,

Nəvələri çiçəklədi belində...

Camal sözün başına nə oyunlar qaldı açmamış?! Sözün başına söz salıb belədən - eləsinə yıxdı -sürüdü, söz yarandığına peşman oldu! Olmayıb neyləsin!Gündoğanda gün qaraldı,

Gündoğanı bulud aldı,

Gündoğanda Kərim qaldı –

Kərim gəlmədi, gəlmədi.

Gözlərinə tor gəlməsin,

Gözlərinə qor gəlməsin,

Kərim gəlsin, Həvva xala!

Sən ölümdən aman istə --

Kərim gəlsin....

Kərim gəlmədi, gəlmədi....

Yox, buna ağlamaq deməzlər, ağı deməzlər, dostum, buna nə deyərlər, mən bilmirəm, Camal özü bilir;Qəhər köynəyimin yaxasın açdı – içim daşdı.Camalın hər misrasının arxasından mütləq bir şair çıxacaq, onu hər oxuyanın ruhunu saracaq şairlik, sonra o binəva da qalacaq döyükə - döyükə;

Bilmədiyi həqiqəti demək istəyi yaxacaq onu;

Nəsə itirmişəm deyəsən axı?-

itib gedib ilim – ilim.

Səsim özümə çatmır,

Əlim üzümə çatmır.

...Nəsə itirmişəm? –

Zamanmı, vaxtmı?

Ümidmi, baxtmı?-

Bilmirəm hələ...

İçim cadar – cadar yağışa möhtac,

Hardasa, hardasa təklənib ruhum.

İçimə boylandım – içimdə yoxam.Əlbəttə, beləsini hər kəs anlamaz. Ömründə bir dəfə ağlamayanlar, ömründə bir dəfə darıxmayanlar hardan bilsin, necə bilsin ikinci adam olmaqdan boğaza yığılıb, cana gəlməkdən qurtulmağın yolu, “həyatda ikinci olmaq daha yaxşıdı bəlkə?” təsəllisi ilə özünüaldatmadadır...

Dostum, bəlkə qınayacaqsan, ya razılaşmayacaqsan..hər halda, mənə elə gəlir ki, Azərbaycan ədəbiyyatının yetmişinciləri baxırdı bu özünətəsəllidən: altmışıncılardan sonra gələn istedadlı ədəbi nəsil! Bu nəslə münasibətimizdə səxavətlə yapışdırdığımız şərtilik və... bir az incik, bir az küskün, amma ləyaqətlə susan yetmişincilər... Ölən ümidlərin rəngi bəmbəyaz:

İçimdə cücərib, çölümdə bitib –

Məni səhralara saldı ki saldı.Elə bu misralardan da sakit - səssiz axıb gedən təəssüf deyil, ömürdü, ömür... Camalın qadına sevgisində bir az da şıltaq uşağı yola gətirməkçün söylənilən böyük yalanlarının reseptini oxuya bilmisənmi, dostum? Narın - narın sevgi nəğmələrinin arasında bir də gördün lapdan bir mötərizə açdı - mənim yaşımda sevgidən ölən olmayıb hələ, ya da belə, asta – usta deyindi ki, qadınlar bizi böyük qələbələrə ruhlandırır, amma icrasına imkan vermir... Nə deyəsən?! Heç nə! Bir söz demək , etiraz eləmək istəsən, əlbəəl kəsəcək sözünü, yönü dəyişəcək:Vətəni mən tapşırın,

Mən bilərəm neylərəm.Şairə vətən tapşırasan, o da başlaya ki, yox , bu ölüm yaman dəyişib, üst – başından əsgər iyi gəlir, yetim uşaqlara meylini salıb, boylanır dünyaya başdaşlarından, axırda da deyəcək ki, özünüzü bu ucuz ölümdən gözləyin. Məbadə soruşasan ki, elə bu? Çiynini çəkəcək, köksünü ötürəcək...Canımda yaram inlər,

İllərlə üzər, inlər.

Qılıncına güvənər

“Vətən” deyib ölən ər..

Sonra yenə çiynini çəkəcək, köksünü ötürəcək, yəni, çörəyi dizinin üstündə olandan nə gözləyəsən?!YəniXeyir həmişə qalib gəlmir,

Şər də həmişə cəzasına çatmır.Sonra yenə də əlini yelləyib özünəmi, bizəmi Allahdan izinsiz

Bir kimsə ölə bilməz deyəcək və..... çönüb gedəcək işinə - gücünə: şəhid yaşıdlarına göndərmədiyi yarımçıq məktubunu tamamlamağa, əkilməmiş ağacdan nar ummağa...saralan otların ağrısını aparmağa... dəfn olunmuş kəndlərin dərdini yazmağa, yurd yerində çatlayıb – göyərən daşların yuxusunu yozmağa...Uzaqlaşan səsini dinləmək fikrinə düşmə, elə həmişəki kimi asıb – kəsdiyi olacaq; fələk əlimə düşsə.... Neyləyər, məncə? Heç nə -- salar öz gününə... Gedişinə də söz tapacaq, deyəcək

Get ki, arxanca gələn olsun..

Amma gözəl sözdü, vallah, gözəl sözdü...

Deyəsən, bəhanə gəzir e, harasa getmək istəyir... Başa düşürəm Camalı;Bakı qalmayıb Bakıda,

Havam çatmır Bakıda...Əslində, hara getmək istədiyini bilir, deməyə üzü gəlmir. Üzünə üz Seyranı tutub —Seyran Səxavəti...Yəqin yoldaş olub nə vaxtsa, yoldaşlığına güvənir... Varaq gedək! –

Silahla, tək!

Kim öləcək biz getməsək?

Payızdı da..

Qabaqdan da qış gəlir.

Gedək görək

Qar düşübmü QARABAĞA?

Yaz əkini, payız şumu...

Gübrə gərək torpağa.

Bəlkə gedək?

Çətin olmaz orda ölmək!

Bəlkə kimsə bu gedişi hadisə kimi görər, Şairsə, bu səfəri Tarix edə bilən kəsdir! Çünki bu səfərdə sükutun səsini şair kimi kimsə duymaz. Çünki sükutu oxuyan -- ömründə iki misranı yan - yana düzməmiş kəs olsa belə -- şairdir.

Nə qəribə sükutdur?!

Ehey, kim var orda?

Ehey, kimsən orda?Dostum, Səni bilmirəm, mənə elə gəldi ki, Camalı bu incik sükutun tənəsi oynadıb yerindən həm də, Camal Yusifzadə bu getmək sevdası ilə həm də Qarabağ qarşısındakı xəcalət sükutumuzun qara gölünə daş tullayıb uzaqdan, belə, xırda daşlar. Bu xırda daşlar huşa getmiş yaddaşı dalğa – dalğa halələndirir...İgidlər vardı,

igidlər...

Əsr - əsr çapdılar;

Çapa – çapa yaxınlaşıb

Gəlib... bizə çatdılar,

Getdik çiyin - çiyinə.Camalın bu nağılı yadımıza nələri , kimləri, haraları salmadı?!

“ Dəmirqapı Dərbənd” dedim:

Təpəsindən tüstüləndi Narınqala!

Haray verdi

Qız Qalası, Çıraqqala,

Ərk qalası, Bəzz, Əlincə!

Sıralandı igidlər,

Qılınc parladı öncə.

Dərbənd dedim:

Dəmir qapı! –

Kürəyində balta sapı.

Üstündə də qıfılı,

Açarı da Xəzərdə!..

Xəzər də Xəzərdi də!

Adama elə gəlir, bu misralardan sonra yarpaqlar töküldü, kölgələr töküldü, pıçıltılar, nəğmələr töküldü , adama elə gəlir bu “xəzəl” ” dünyamızı adiləşməyə qoymayın” deyənlərin səsinə səs vermədiyimizdən küsüb, sapsarı yarpaqlara sevmək öyrədə - öyrədə məhəbbətə oxşayan payızın yağışlarında köynək – köynək islanmağı ”tərci edib”, içində azıb, bir sözlə.İçində azan adamı

Dünya belə gəzsə, tapmaz. İçində azan adamın amanı – gümanı da , olsa - olsa, olacaq ....şeir yazmaq!

Belə şeir də sızıldaya duracaq, dodağının altında deyinə qalacaq. Gəl indi yoz görək nədi, nə demək istəyir... Özünü əziyyət salma, yağışlı havalarda içində cücərən Camal “oxuyub”, çoxdan oxuyub:

Kimsəsiz, baxımsız, tənha və kasıb

Şair məzarıdı, vallah bu payız!

Mən bu Ağ kitabdakı şeirlərin azadlığına təəccübləndim. Qafiyə, sərbəst deyilən bölgünün gücünü məhz bu azadlığın içində gördüm. Bəzən bu içi azadlıq dolu misralardakı bölgünün “ əl – ayağını” yığa bilmədiyini də, bəzən fikrin ilk oxunuşda ağır – naqolay göründüyünü də, kəmhövsələ, ədalı “alınmayıb, burda nəsə bir söz -, heca çatmır” münasibətinə bənd eləməyə qıymadım. Camalın oxucuya tələbkar olduğunu sezdim; onu oxuyan ötəndən – keçəndən, yerin altından – üstündən xəbərdar ola gərək. Bir də, şeirləri yazıldığı 40 – 50 il əvvəl necə idisə, bu gün də elədir.Təzə və qədim!

Camalın poetik sintaksisini çox bəyəndim! Camalın Sözünü yalqız qoymayıb, arxasında durub, arxa olub və Camalın Sözünün Səsi də inamlı olub, qut olub. Səsi sözündə gizlənib qalmayıb özü də, qoşulub şair ilhamına...

Yəhərsiz, yüyənsiz köhlənsayağı

Baş alıb dağlara, düzlərə sarı...Adam bir az üşürgələnir hər şeyin başını buraxmaq qədərindəki özünə sığmamaq təşnəsindən...Çox uzaqlara getməyin dərdi – nigaranlığı birdimi – beşdimi...Uzaq səfərlərdən qayıdan adam,

arvadın – məhəbbətin,

evin – itin,

oğlun, qızın,

çil xoruzun yerindəsə

Uzaq səfərlərə yola çıxarsan?

Uzaq səfərlərdən qayıdan adam,

Uzaq səfərlərə çıxma bir daha –

Sən gördüyün dünya deyil dünya ta!

O biri yandan da fikirləşirsən ki. Camal Yusifzadənin poetik Səsi elə buna görə də qurd ürəklidi də, yerini – yönünü dopdolu inamla nişan verir də:

Yağış damlasında, mavi dənizdə,

Nağıl boğçasında axtarın məni.

Bir gün qayıtmasam da

Gözləyin, Gözləyin,

Gözləyin məni.Camalın şeirlərinin ruhunu o qədər yaxın gördüm ki...

Camalın şeirlərinin havası o qədər doğmadı ki...

Gündə yüz kərə inandığım, bir tükdən asılı səbrimə söykək olan həqiqətim kimi:

Ölüləri ruhunuza dəfn edin -

Kölgələri mütləq evə gələcək!...Yəqin başa düşdün və bağışladın qəbahətimi; yaşın və ərkanın səddini “unutmağımı”... başqa nə ola bilərdi, başqa necə izah etmək olardı ki?.. – bu “qosqoca” şairə Camal Yusifzadə demədiyim məqamları....

Dostum, Sən də yaxşı bilirsən, hər vaxt olmur ki, kiminsə şeirini, kitabını oxuyasan və öz – özünə deyəsən:

Bir özgə aləmdəyəm,

Bir özgə də biçimdə.

Hər vaxt olmur axı, kiminsə şeirini, kitabını oxuyasan və...

Bir də baxdım,

Bir də gördüm ağacam.

Bir də gördüm üfüqə baxa – baxa

Qırx əllə, min rişəylə,

Köhnə məhəbbət kimi

Kök atmışam torpağa...

... kitabı qoyasan bir tərəfə, başa düşəsən ki, bu şeirlərdən danışmaq, nəyisə izah etmək... olmur.

Hesab var ki, hesablanır,

Hesab da var saya gəlməz.

Dostum, yəqin razılaşarsan mənimlə; hər şairçün demək olmur axı, onun haqqında, ondan danışmağın ən asan, ən doğru yolu eləcə şeirlərini oxumaqdı... Deyəsən, Camal yazanda Allahdan təmənnası qəbula keçən anların ətəyinə, üzü işığa yazıb şeirlərini, ona görə də min bir rəngə, min bir ada, min bir sirrə yozula bilir...

Və hər şeir də onu yazanı belə ərklə - ürəklə, kəsəsinə tanıtmır:

...nəyəm, buyam –

ALLAH yatır içimdə.

Görünür, Allah yer seçəndə başqa cür seçirmiş.

Görünür, belə deyə bilən şair Ağ Kitab yaza bilirmiş.

Görünür, belə kitabların gücü – qiyməti həm də budur: neçə il keçsə də, təzə kitab kimi, adamı söz deməyə meylləndirir.

Dostum, necə bilirsən, çoxmu olur, kitabın “vaxtı keçə”, adam bu “vaxtı keçmiş vaxtın və kitabın” arxasınca baxa – boylana qala?!..

Belə bir ölkəyə altı qol vurub sevinmək utanc hissini itirməkdir

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
50
kulis.az

10Mənbələr