AZ

İranda daha iki siyasi məhbus edam edilib

İnsan haqları təşkilatlarının xəbərdarlıqlarına baxmayaraq, İran hakimiyyəti təhlükəsizlik ittihamları ilə mühakimə olunmuş Hamed Vəlidi və Məhəmməd Şahini edam edib...

Poliqon xəbər verir ki, İran hakimiyyəti bazar ertəsi iki siyasi məhbusun edam edildiyini açıqlayıb. Söhbət təhlükəsizlik tədbirlərinin pozulması və İran İslam Respublikasına qarşı fəaliyyətlə bağlı ittihamlarla mühakimə olunmuş Hamed Vəlidi və Məhəmməd Şahidən gedir.

Bundan əvvəl İran üzrə insan haqları təşkilatları həmin şəxslərin naməlum yerə aparıldığını bildirərək onların edam təhlükəsi ilə üz-üzə olduğunu vurğulamışdı. Hüquq müdafiəçiləri qeyd edirdilər ki, İranda məhbusların bu cür köçürülməsi çox vaxt yaxın zamanda edamın həyata keçiriləcəyinə işarə edir.

Məlumata görə, hər iki şəxs ötən il Tehranda saxlanılıb. Onların istintaq dövründə təzyiqə məruz qaldığı və etiraf ifadələrinin məcburi şəkildə alındığı iddia olunur.

Iran Human Rights Monitor təşkilatının yaydığı məlumatda iş üzrə ciddi prosessual pozuntuların olduğu bildirilib. Təşkilat işgəncə, məcburi etiraflar, şəffaflığın olmaması və tam hüquqi müdafiə imkanından məhrum edilmə kimi halların qeydə alındığını vurğulayıb.

Daha sonra onlar Kərəcdə İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən ölüm cəzasına məhkum ediliblər. İttihamlar sırasında “Allaha qarşı düşmənçilik” mənasını verən “moharibə” və İslam Respublikasına qarşı təbliğat aparmaq kimi maddələrin olduğu bildirilir.

Müşahidəçilərin fikrincə, bu edamlar İranda siyasi xarakterli məhkəmə işləri, sərt təhlükəsizlik ittihamları və ölüm hökmünün tətbiqi ətrafında beynəlxalq narahatlığı daha da artırır. Hüquq müdafiəçiləri hesab edirlər ki, bu cür qərarlar ölkədə müxalif düşüncəyə qarşı təzyiq mexanizmi kimi istifadə olunur.

Poliqon.info

Seçilən
9
poliqon.info

1Mənbələr