AZ

Aİ və Azərbaycan Mərkəzi Bankı kiberdiplomatiya sahəsində yeni təşəbbüslər hazırlayır

Bakı, 20 aprel, AZƏRTAC

Avropa İttifaqı, Azərbaycan Kibertəhlükəsizlik Assosiasiyası (AKTA) və Azərbaycan Mərkəzi Bankı kiberdiplomatiya və rəqəmsal savadlılıq sahəsində yeni birgə təşəbbüslər həyata keçirməyi planlaşdırır.

Estoniya Elektron İdarəçilik Akademiyası Fondunun kibertəhlükəsizlik üzrə baş mütəxəssisi Elza Neyeme bunu AZƏRTAC-a verdiyi müsahibədə gələcək əməkdaşlıq perspektivlərini şərh edərkən bildirib.

O qeyd edib ki, əməkdaşlığın əsas sahələrindən biri Azərbaycanda artıq kifayət qədər inkişaf etmiş səviyyədə olan kiberdiplomatiya sahəsində potensialın gücləndirilməsi təşəbbüslərində iştirak olacaq.

“Kiberdiplomatiya sahəsində potensialın artırılması təşəbbüslərində iştirak etmək üçün bir çox planımız var. Bu sahə Azərbaycanda artıq kifayət qədər inkişaf edib və şübhəsiz ki, əməkdaşlığın vacib sahələrindən biridir”, - deyə baş mütəxəssis vurğulayıb.

Digər vacib sahə müxtəlif hədəf qrupları üçün maarifləndirmə mexanizmlərinin yaradılması olacaq.

“AKTA-dan və xüsusən də Mərkəzi Bankdan olan tərəfdaşlarımızla birlikdə adi istifadəçilərin özlərini onlayn formatda necə qoruya biləcəklərini sadə və başadüşülən şəkildə izah etmək üçün maarifləndirmə üzrə çərçivə mexanizmlərinin yaradılması imkanlarını araşdırırıq”, - deyə Elza Neyeme bildirib.

Onun sözlərinə görə, bu cür sistemlərin qorunması strateji əhəmiyyət kəsb etdiyindən, vacib infrastruktur obyektləri üçün hədəflənmiş fəaliyyətlərə xüsusi diqqət yetiriləcək.

Baş mütəxəssis vurğulayıb ki, bu, genişmiqyaslı və uzunmüddətli əməkdaşlıq proqramıdır.

Müxbir - Pərvanə Qafarova
Foto – İlkin Cavanşirov
Seçilən
5
1
azertag.az

2Mənbələr