AZ

Bu olimpiada ölkə məktəblilərini bir araya gətirdi

Yazını böyüt
Yazını kiçilt

ADA Universitetinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi, habelə “Baku Education Information Center” və “Ultra Technologies” şirkətlərinin tərəfdaşlığı ilə VIII-IX sinif şagirdləri arasında Akademik Məqsədlər üçün 8-ci İngilis Dili Olimpiadasına start verilib.

Hafta.az xəbər verir ki, olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilərin akademik ingilis dili biliklərini beynəlxalq meyarlar əsasında qiymətləndirmək və onları bu istiqamətdə daha da inkişaf etməyə təşviq etməkdir.

Geniş marağa səbəb olan müsabiqənin birinci mərhələsində respublika üzrə ümumilikdə 1995 şagird iştirak edib. Bilik yarışı ölkənin müxtəlif bölgələrini əhatə etməklə ADA Universitetinin Bakı kampusunda 1444 nəfər, Gəncə şəhəri 24 nömrəli məktəbdə 342 nəfər, Lənkəran şəhəri Haftoni orta məktəbdə 129 nəfər və Naxçıvan Muxtar Respublikasındakı 8 nömrəli məktəbdə 80 nəfərin iştirakı ilə baş tutub.

İmtahan zamanı şagirdlər 80 dəqiqə ərzində ingilis dilinin qrammatikası və oxu bacarıqlarını ölçən 50 yazılı sualı cavablandırıblar. Olimpiada çərçivəsində, həmçinin valideynlər üçün Bakıda xüsusi məlumat sessiyası təşkil olunub və onlara ADA İbtidai və Orta Məktəbində təhsil imkanları barədə ətraflı informasiya verilib. Birinci mərhələdə yüksək bal toplayaraq uğur qazanan şagirdlər aprelin 25-də ADA Universitetində keçiriləcək ikinci — dinləmə və yazı mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələni də uğurla tamamlayan iştirakçılar finalda şifahi nitq bacarıqlarını nümayiş etdirmək üçün dəvət olunacaqlar.

Olimpiadanın sonunda birinci yerin sahibi “Baku Education Information Center” və “ADA Universitetinin dəstəyi ilə Böyük Britaniyada keçiriləcək Qlobal Gənc Liderlər (QGL) proqramında iştirak imkanı əldə edəcək.

İkinci və üçüncü yerləri tutan şagirdlər HP notbuklarla mükafatlandırılacaqlar.

Bundan əlavə, yüksək nəticə göstərən ilk 300 şagird sertifikatla təltif olunacaq.

Seçilən
8
4
hafta.az

5Mənbələr