Bakı kimi sıx nəqliyyat axını olan şəhərdə taksi sürücülərinin sərnişin mindirib-düşürməsi üçün xüsusi yerlərin çatışmazlığı açıq görünür. Mövcud parkinq və dayanma problemi çox ciddi problemlər yaradır.
Mövzu ilə bağlı nəqliyyat eksperti Adil Nəbiyev QHT.az-a açıqlama verib.
A.Nəbiyevin sözlərinə görə, problemin həlli həm qısa, həm də uzunmüddətli tədbirlərin paralel tətbiqini tələb edir: "Bakı kimi sıx və qeyri-bərabər planlaşdırılmış nəqliyyat axını olan şəhərdə taksilərin sərnişin mindirib-düşürməsi üçün xüsusi yerlərin çatışmazlığı təkcə rahatlıq problemi deyil, həm də tıxacların və təhlükəsizlik risklərinin əsas səbəblərindən biridir; mövcud vəziyyətdə taksilərin sayının normadan artıq olması, qeyri-rəsmi dayanma nöqtələri və sərnişinlərin istənilən yerdə düşüb-minmək istəyi vəziyyəti daha da ağırlaşdırır, buna görə həll yolları həm operativ (qısa müddətli), həm də struktur (uzunmüddətli) səviyyədə paralel tətbiq olunmalıdır".
Qısa müddətdə əsas addım kimi xüsusi dayanma zonalarının yaradılması təklif olunur: "Qısa müddətdə ən real addımlardan biri şəhərin əsas cəlbetmə nöqtələrində – metro çıxışları, ticarət mərkəzləri, universitetlər, biznes mərkəzləri və xəstəxanalar ətrafında xüsusi zonalarının yaradılmasıdır ki, bu zonalar qısa müddətli dayanma üçün nəzərdə tutulur və bir çox Avropa şəhərlərində artıq tətbiq olunur. Bu zonalar yolun sağ zolağında və ya cib tipli (yoldan kənar çıxıntı) şəkildə təşkil olunarsa, həm əsas axına maneə yaratmaz, həm də sürücülərə qanuni və təhlükəsiz alternativ təqdim edər".
Ekspert vurğulayıb ki, mövcud dayanacaqların optimallaşdırılması və rəqəmsal tənzimləmə vacibdir: "Paralel olaraq, mövcud taksi dayanacaqları yenidən optimallaşdırılmalı, onların yerləşməsi real tələbat nöqtələrinə uyğunlaşdırılmalı və sayları artırılmalıdır, çünki hazırda olan 100-dən çox dayanacaq effektiv yerləşdirilmədiyindən problemi tam həll etmir. Əlavə olaraq, rəqəmsal həll kimi mobil tətbiqlər üzərindən yalnız müəyyən edilmiş nöqtələrdə sifarişin aktiv olması ərazi tətbiq edilə bilər ki, bu da sürücünü məcburən qaydalı dayanmağa yönəldər".
A.Nəbiyevin sözlərinə görə, nəzarət və mikrodayanma infrastrukturu gücləndirilməlidir: "Nəzarət mexanizmi də gücləndirilməlidir – avtobus zolağında və ya ikinci sırada sərnişin düşürənlər üçün cərimələr avtomatlaşdırılmış kameralar vasitəsilə tətbiq olunmalı, eyni zamanda sürücülərə alternativ yer təqdim olunmadan sərt cərimə siyasəti effekt verməyəcək. Qısa müddətdə digər effektiv addım “mikro dayanma cibləri”nin yaradılmasıdır – dar küçələrdə belə 1-2 maşınlıq ciblər formalaşdırmaq mümkündür və bu, xaotik dayanmanın qarşısını əhəmiyyətli dərəcədə azaldır".
Adil Nəbiyev qeyd edib ki, uzunmüddətli həll ictimai nəqliyyat və şəhər siyasətinin gücləndirilməsindən keçir: "Uzunmüddətli perspektivdə isə məsələ yalnız taksi infrastrukturu ilə həll olunmur, çünki problem sistem xarakterlidir – ilk növbədə ictimai nəqliyyat gücləndirilməli, metro və avtobus şəbəkəsi genişləndirilməli, interval və komfort artırılmalıdır ki, insanlar taksidən asılı qalmasın. Eyni zamanda şəhər mərkəzinə fərdi avtomobil girişinin məhdudlaşdırılması və ya ödənişli edilməsi kimi tədbirlər tətbiq edilə bilər ki, bu da ümumi sıxlığı azaldaraq taksilərin daha rahat hərəkətinə şərait yaradar".
Ekspert əlavə edib ki, taksi bazarının tənzimlənməsi və şəhər planlaması vacib rol oynayır: "Digər vacib istiqamət taksi bazarının tənzimlənməsidir – şəhər üçün optimal taksi sayı müəyyən edilməli və lisenziyalaşdırma sərtləşdirilməlidir, çünki həddindən artıq taksi sayı özü də tıxac yaradan əsas faktorlardan biridir. Urbanistik baxımdan isə yeni tikililərdə məcburi yeraltı parkinq və xüsusi sahələr normativ kimi tətbiq olunmalıdır ki, gələcəkdə küçə yükü azalsın".
A.Nəbiyevin fikrincə, şəhərin inkişaf modeli daha balanslı olmalıdır: "Daha strateji səviyyədə şəhərin çoxmərkəzli inkişafı (iş yerlərinin və xidmətlərin mərkəzdən kənara yayılması) həyata keçirilməlidir, çünki bütün axının bir neçə nöqtədə cəmlənməsi nə qədər lokal həll tətbiq olunsa da problemi yenidən yaradır".
Adil Nəbiyev sonda bildirib ki, effektiv həll yalnız kompleks yanaşma ilə mümkündür: "Nəticə olaraq, effektiv həll yalnız dayanacaq yerlərinin artırılması deyil, “dayanma mədəniyyəti + infrastruktur + nəzarət + alternativ nəqliyyat” modelinin birlikdə tətbiqidir – bu 4 komponentdən biri çatışsa, Bakı kimi sıx şəhərdə problem qalmaqda davam edəcək".
Fatimə Nəbiyeva