AZ

Overçukun Bakıya təklifi mübahisə yaratdı Kremlin əsl hədəfi nədir?

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Rusiya Azərbaycanı yeni yaradılmış Rus dili üzrə Beynəlxalq Təşkilata qoşulmağa dəvət edib. Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Bakıya səfəri zamanı Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyanın 24-cü iclasında danışıb.

Sözügedən təklif ilk baxışda humanitar əməkdaşlıq kimi görünsə də, azərbaycanlı ekspertlər tərəfindən mahiyyət etibarilə dərin linqvistik və ideoloji ekspansiya cəhdi kimi qiymətləndirilir. Bildirilir ki, rus dilinin bu dərəcədə institusionallaşdırılması və beynəlxalq təşkilatlar səviyyəsində rəsmiləşdirilməsi Azərbaycanın müstəqil dil siyasətinə ciddi xələl gətirir.

Rusiyanın bu dəvəti nəyə əsaslanır?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, rəsmi Moskvanın rus dilini beynəlxalq platformalar vasitəsilə təşviq etməsi klassik “yumşaq güc” strategiyasının tərkib hissəsidir:

“Dil burada təkcə kommunikasiya vasitəsi deyil, eyni zamanda mədəni təsir, informasiya axınlarına çıxış və uzunmüddətli ideoloji yaxınlıq yaradan alətdir. Xüsusilə postsovet məkanında rus dili hələ də geniş yayılıb və bu reallıq Moskva üçün təsir imkanlarını qorumaq baxımından mühüm resurs sayılır. Ona görə də belə təşəbbüslərin arxasında müəyyən geosiyasi hesabların olması təbiidir. Lakin bu tip əməkdaşlıq formatlarını bir çox ölkələr sırf təhsil, kadr hazırlığı və beynəlxalq əlaqələrin genişləndirilməsi kimi də istifadə edir. Yəni məsələ daha çox həmin alətin necə və hansı çərçivədə tətbiq olunmasından asılıdır”.

Züriyə Qarayeva

Politoloq bildirib ki, Rusiyanın bu dəvətinin əsas motivləri bir neçə istiqamətdə izah oluna bilər:

“Birincisi, regionda mədəni və dil əsaslı təsirini institusionallaşdırmaq, bunu yeni beynəlxalq mexanizmlərlə möhkəmləndirmək istəyidir. İkincisi, Qərb təsirinə qarşı alternativ platformalar yaratmaq və postsovet məkanında inteqrasiya elementlərini gücləndirmək niyyətidir. Üçüncüsü isə daha praqmatikdir. Yəni rus dilinin qorunması vasitəsilə iqtisadi, texnoloji və humanitar əlaqələri asanlaşdırmaqdan ibarətdir.

Azərbaycan baxımından isə məsələ balanslı siyasət tələb edir. Əgər belə təşəbbüslər milli dil siyasətinə müdaxilə etməyən, könüllü və məhdud çərçivədə qurularsa, faydalı ola bilər. Amma bu proses institusional asılılıq yaradan və ya dil prioritetlərini dəyişdirən istiqamətə yönələrsə, o zaman qeyd edilən narahatlıqlar daha əsaslı görünməyə başlayır”.

Qeyd edək ki, Rus Dili üzrə Beynəlxalq Təşkilat MDB məkanında rus dilinin mövqeyini möhkəmləndirmək, təhsil və mədəni əlaqələri inkişaf etdirmək üçün platformadır.  Rusiya tərəfindən Azərbaycan da daxil olmaqla bir çox ölkə bu təşkilata qoşulmağa dəvət edilib. Təşkilatın yaradılması təşəbbüsü əsasən Qazaxıstan və Rusiya tərəfindən irəli sürülüb. Qırğızıstan da bu təşkilatın yaradılmasını dəstəkləyən ölkələr sırasındadır.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
globalinfo.az

2Mənbələr