AZ

MSK üçün KRİTİK tarix – Gələn həftə...

Mərkəzi Seçki Komissiyasının (MSK) hazırkı tərkibinin səlahiyyət müddətinin başa çatmasına bir həftə qaldı. MSK-nın hazırkı tərkib 2021-ci ilin aprel ayının 27-də formalaşıb. Mövcud qanunvericiliyə görə, MSK-nın səlahiyyət müddəti 5 ildir. Odur ki, aprelin 27-də MSK-nın yeni tərkibi seçilməlidir.

Seçki Məcəlləsinə görə, MSK-nın 18 yerlik tərkibinin 6 üzvü parlamentdə çoxluq təşkil edən partiyanın, 6 üzvü müstəqil deputatların, 6 üzv isə azlıqda olan partiyaların təqdim etdiyi siyahı əsasında formalaşdırılır. Hazırda Milli Məclisdə YAP daxil olmaqla, 11 partiya var. Ona görə də MSK-da 6 yer YAP-ın təmsilçilərindən ibarət olacaq, 6 yer azlıqda olan digər 10 partiya məxsusdur. Həmin partiyalar 6 namizədi öz aralarında müəyyənləşdirməlidirlər. MSK üzvlüyünə 6 namizədi isə parlamentdəki bitərəf deputatlar təqdim edəcək.

MSK üzvlüyünə namizədlərin siyahısı Milli Məclisin plenar iclasına təqdim olunmalıdır və təsdiqlənməlidir. Hazırda MSK-ya Məzahir Pənahov sədrlik edir. 75 yaşlı Pənahov 2000-ci ildən etibarən bu vəzifəni daşımaqdadır. O, 1998-2000-ci illərdə MSK-nın Beynəlxalq Əlaqələr İdarəsinin rəisi işləyib. 2000-ci il mayın 19-da MSK üzvü təyin olunub və həmin gün komissiyaya sədr seçilib. 26 ildir MSK-ya sədrlik edən Məzahir Pənahov bu müddət ərzində 3 referendum (2002, 2009, 2016), 5 prezident (2003, 2008, 2013, 2018, 2024), 6 parlament (2000, 2005, 2010, 2015, 2020, 2024) və 5 bələdiyyə (2004, 2009, 2014, 2019, 2024) seçkisi keçirib.

Məzahir Pənahovun növbəti 5 illiyə MSK sədri vəzifəsinə namizədliyinin verilib-verilməyəcəyi ictimaiyyətə açıqlanmayıb. YAP-ın onu bu dəfə başqası ilə əvəz edəcəyi də istisna deyil. Seçki Məcəlləsinin 19.3-cü maddəsinin tələblərinə görə, Mərkəzi Seçki Komissiyasının sədri, müavini və iki katibi komissiyanın birinci iclasında açıq səsvermə yolu ilə seçilir. Sədr Milli Məclisdə deputatları çoxluq təşkil edən siyasi partiyanı, yəni YAP-ı, katiblərin hər biri isə Milli Məclisdə deputatları azlıq təşkil edən siyasi partiyaları və müstəqil deputatları təmsil edirlər.

Bu o deməkdir ki, MSK-nın sədri istənilən halda YAP üzvü olacaq və o şəxs də Yeni Azərbaycan Partiyasını MSK-da təmsil edən şəxslərin içərisindən seçiləcək. Dəqiq olan odur ki, MSK-nın hazırkı tərkibində dəyişikliklər olacaq.

Qeyd edək ki, hazırda Milli Məclisdə çoxluq təşkil edən YAP-dan olan üzvləri Məzahir Pənahov, Rövzət Qasımov, Hüseyn Paşayev, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımovadır.

Heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclisin deputatlarını MSK-da təmsil edən üzvləri Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirxanlı, Fuad Cavadov, Qabil Orucov, Nailə Əsgərova və Aydın Muradovdur.

Parlamentdə azlıq təşkil edən siyasi partiyaların MSK-da təmsilçiləri isə aşağıdakılardır: Bəxşeyiş Əsgərov - Böyük Quruluş Partiyası, Etibar Quliyev - Ana Vətən Partiyası, Mikayıl Rəhimli - Ədalət, Hüquq və Demokratiya Partiyası, Almas Qəhrəmanlı - Vətəndaş Həmrəyliyi Partiyası, Tofiq Həsənov - Azərbaycan Demokratik İslahatlar Partiyası ilə birgə özünü buraxmış Vətəndaş Birliyi Partiyası.

Etibar Seyidağa,
Musavat.com

Seçilən
38
musavat.com

1Mənbələr