AZ

“Cənubda ən uzun gün” haqqında

Əgər məndən soruşsalar ki, son illərdə yazılmış hansı romanı xarici dillərə çevirmək olar, rahatlıqla, arxayınlıqla, tərəddüdsüz, Rəşad Səfərin “Cənubda ən uzun gün” romanının adın çəkərəm. Üslubu, cümlə quruluşları, təhkiyəsi mənə xeyli dərəcədə yad olsa da, bunun məsələyə dəxli yoxdur, “Cənubda ən uzun gün” müstəqillik dövründə yazılmış ən yaxşı altı romandan biridir. Rəşad səviyyəni birdən-birə elə qaldırdı ki, buna qədər və bundan sonra yazılan əksər romanlar “Cənubda ən uzun gün” romanının yanında, ən yaxşı halda, maraqlı cızmaqara kimi görünəcək. 

“Cənubda ən uzun gün” romanı bir çox cəhətlərdən, sözün həqiqi mənasında, yenidir. İlham Əzizin təzəcə nəşr olunmuş “Qəvvas” romanında olduğu kimi “Cənubda ən uzun gün” romanında da arxaik obrazlar, aqrar söhbətlər, infantil xatirələr, vaxtı keçmiş zarafatlar yoxdur. Deyəsən, Azərbaycan ədəbiyyatının canı “aqrar xəstəliklərdən” yavaş-yavaş xilas olur. Əgər bu iki roman yaxşı təbliğ olunsa, yaxşı oxunsa, yerli ədəbiyyatın, ədəbi mühitin ümumi vəziyyətinə xeyli müsbət təsir göstərəcək. 

Rəşadın çox güclü mütaliəsi var. Rəşad ədəbi mühitdə ən güclü mütaliəsi olan iki-üç adamdan biridir. Ədəbiyyatdan əlavə kinonu, tarixi də çox yaxşı bilir. Avropanı, Asiyanı, Şərqi, Qərbi, sözün bir çox mənalarında, kifayət qədər yaxşı tanıyır, dünyanın gərdişinə yaxşı bələddir.  Lakin  təəssüflər olsun ki,  uzun-uzadı üslub axtarışları, üslub oyunları, sadə görünməkdən qorxmağı Rəşada öz potensialını tam ortaya qoymağa imkan vermir. Rəşad enerjisinin böyük bir hissəsini üslub axtarışlarına, üslub oyunlarına  sərf etməkdədir. 

İnsanın ən böyük qələbəsi qorxularına qalib gəlməsidir. Rəşad sadə görünmək qorxusuna, mənasız, lazımsız  eqosuna,  “sənət qəliz, mürəkkəb  olmalıdır” pafosuna  heç cürə qalib gələ bilmir. Ola bilsin, heç belə bir niyyəti yerli-dibli yoxdur.  Eyni sözlər, Orxan Həsəniyə də aiddir. Orxan da Rəşad kimi sadə görünmək qorxusunun altında daima əzilir, özünü narahat hiss edir və nəticədə potensialını heç cürə ortaya qoya bilmir. Orxan da Rəşad kimi enerjisinin böyük bir hissəsini mənasız üslub oyunlarına xərcləyir. Buna yalnız və yalnız təəssüf etmək olar. 

Hər bir həqiqi yazıçının, həqiqi  sənət adamının daxili dünyası olmalıdı. Bu daxili dünya ən adi səhnələrin təsvirində, ən adi cümlələrlə üzə çıxmalıdı. Elə təsvirlər, elə cümlələr ki, onları heç cür yamsılamaq, hansısa bir formada təkrarlamaq  mümkün deyil. İnsan mütaliəsinin gücüylə, zəhmətlə, ardıcıllıqla, vərdişlə “Qağayı” kimi, “Qağayı” ya yaxın, “Qağayı”ya oxşar əsər yaza bilər. Fəqət “sizin istedadınıza böyük hörmətim var, həyatımın on ilin verməyə hazıram, amma bağışlayın, atları verə bilmərəm” cümləsini vərdişlə, mütaliənin gücü ilə  yaza bilməz.  Bu cümləni yamsılamaq, təkrar etmək mümkün deyil.  Bu cümlə və bunun kimi cümlələr bir dəfə, bircə dəfə yazılır. Vəssalam.  

Elə başa düşülməsin ki, mən burda zəhmətə, ardıcıllığa, mütaliəyə xor baxıb, hər şeyi təbii istedadla əlaqələndirirəm. Qətiyyən. İstedada yüksək qiymət vermək çox təhlükəlidir. Azərbaycan kimi nəsr, sənət ənənəsi zəif olan yerlərdə istedada yüksək qiymət vermək, istedadı hər şeydən uca tutmaq lap təhlükəlidir. Onsuz da, bizim tənbəl yazıçılarımız avaralanmaq, oxumamaq, zəhmət çəkməmək, inkişaf etməmək üçün əllərində çıraq min bəhanə axtarırlar. Əgər istedada yüksək qiymət verilsə, bu tənbəl, hər şeyi öz adıyla çağırsaq, bu avara adamların əlinə böyük, yağlı bəhanə veriləcək. Onlar “mən istedadlıyam” sözünü əldə bayraq edərək, seyid cəddinə arxayın olan kimi istedadlarına arxayın olub zəhmətə, oxumağa, inkişaf etməyə daha da barmaqarası baxacaqlar.

“Sizin istedadınıza böyük hörmətim var, həyatımın on ilini verməyə hazıram, amma bağışlayın, atları verə bilmərəm" cümləsini yazmaq, bu həqiqətə çatmaq asan olmayıb. Daxili dünyanı ən adi cümlələrlə, təsvirlərlə göstərmək istedaddan, yüksək gərginlikli bədii təfəkkürdən əlavə, həm də yüksək peşəkarlıq, zəhmət, təcrübə, sadəlik  tələb edir. Bu böyük, qalın bir paketdir. Bu paketin içində istedad, zəhmət, ardıcıllıq, bədii təfəkkür, güclü mütaliə, sadəlik, bir sözlə, hər şey olmalıdır.   

Rəşadın daxili dünyası varmı? Dəqiq bilmirəm, amma yəqin ki, var. Az əvvəl qeyd etmişdik ki, hər bir həqiqi  yazıçının, həqiqi sənət adamının daxili dünyası olmalıdı. Lakin mən “Cənubda ən uzun gün” romanında Rəşadın daxili dünyasını göstərən adi cümlələrə, təsvirlərə rast gəlmədim. Daxili dünya dedikdə hansısa şəxsi sirlərin, acı, ağır xatirələrin açıq-aşkar yazılması nəzərdə tutulmur. Yüksək gərginlikli bədii təfəkkürlə,  həm də peşəkarlıqla yazılmış adi cümlələr, təsvirlər müəllifin daxili dünyasını, yəni ədəbiyyatda, sənətdə öz həqiqətinə çatdığını göstərməlidi.   Sadə görünməkdən qorxmaq, mənasız, lazımsız üslub oyunları Rəşada daxili dünyasını ən adi, yamsılanması, imitasiyası mümkün olmayan cümlələrlə, təsvirlərlə göstərməyə, ədəbiyyatın idrak ağacına çatmağa, ağaca dırmaşmağa, meyvələrinin dadına baxmağa ciddi şəkildə mane olur. Rəşad sadə görünmək qorxusuna qalib gəlməlidir. Bu indi Rəşadın ən ümdə vəzifəsidir. Nə qədər ki, sadə görünmək qorxusuna qalib gəlməyib potensialını tam şəkildə ortaya qoya bilməyəcək,  enerjisinin böyük hissəsi üslub-müslub söhbətlərinə sərf olunacaq. Gözünü açıb görəcək, ömür yarı olub, mənzil isə çox uzaqdadır. 

Demək istəyirəm ki, əslində, Rəşadın “Cənubda ən uzun gün” romanından daha güclü roman yazmaq imkanı var. Rəşad hələ gəncdir, enerjilidir, papağını qarşısına qoyub yaxşı-yaxşı düşünsə, sadə görünmək qorxusuna qalib gəlib, lazımsız yüklərdən   xilas ola  bilər. Əgər Rəşad sadə görünmək qorxusundan xilas ola bilsə, bax o zaman mənasız yerə özünə nə qədər əziyyət, əzab verdiyini, mənasız işlərə nə qədər enerji sərf etdiyini dərindən dərk edəcək.

“Cənubda ən uzun gün” romanı bədii təfəkkürdən, istedaddan daha çox zəhmətin, güclü mütaliənin, yazmaq vərdişinin məhsuludur. Dəyəsən Hüqo deyirdi ki, böyük əsərlər başın ürəyə, ürəyin başa səyahəti zamanı yaranır. Yəni əsərdə həm baş (təcrübə, peşəkarlıq, mütaliə, intellekt), həm də ürək (hisslər, istedad, bədii təfəkkür)  olmalıdı. "Cənubda ən uzun gün" romanında Rəşadın başı görünür, amma ürəyi çox da görünmür. Sadə görünmək qorxusu, mənasız, lazımsız üslub oyunları, qarışıq cümlə quruluşları, narahat təhkiyə ürəyin görünməsinə, döyünməsinə, romana hisslər vurmasına mane olur. Etiraf edim ki, "Cənubda ən uzun gün" romanı mənim romanım deyil. Mən baş-ayaq cümlələri, narahat təhkiyəni,  formanın daima məzmundan qabarıq görünməsini, gözə girməsini, gözə soxulmasını sevmirəm. Amma hər kəsi, hər şeyi öz arşınınla ölçə bilməzsən. Yazının əvvəlinə qayıdaraq bir daha təkrar etmək istəyirəm ki, cümlə quruluşları, üslub, təhkiyə mənə nə qədər yad olsa da, bunun məsələyə dəxli yoxdur, fikrimcə “Cənubda ən uzun gün” romanı müstəqillik dövründə yazılmış ən yaxşı altı romandan biridir. Fürsətdən istifadə edib bütün ədəbiyyat xiridarlarını bu romanı oxumağa dəvət edirəm.

Seymur Baycan


Telegram kanalımız
Seçilən
13
1
yenisabah.az

2Mənbələr