Bizimyol saytına istinadən ain.az xəbər verir.
“Azərbaycan Respublikası özünün çoxvektorlu xarici siyasət kursunda hər zaman ümumbəşəri dəyərlərin rəhbər tutulması və beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplər əsasında digər dövlətlərlə münasibətlərin qurulmasını, o cümlədən nəinki bölgədə, bütövlükdə dünyada sülhün və sabitliyin bərqərar edilməsini hədəfləyir”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Bəhruz Məhərəmmov danışıb.
O qeyd edib ki, bu baxımdan hər zaman ölkəmiz dövlətlər və xalqlar arasında əməkdaşlığın dərinləşməsinə xidmət edən platformalarda nəinki fəal iştirak edir, üstəlik artıq yeni dünya nizamında əsas təşəbbüskarlardan biri kimi çıxış edir: “Xüsusən cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın hərbi-siyasi qələbələri ilə Cənubi Qafqazda yaranan yeni reallıqda ölkəmizin artan nüfuzu və güclənən mövqeyi fonunda "Diplomatiyanın Davosu" hesab edilən Antalya Diplomatiya Forumunda Azərbaycan Respublikası hər zaman gözlənilən qonaq, Azərbaycan Prezidenti isə təcrübəsi arzulanan lider kimi qəbul edilib”.
Deputatın sözlərinə görə, danılmaz həqiqətdir ki, hazırda dünyada hərbi ritorika və silahlı qarşıdurma dialoq mühitindən daha irəli çıxa bilib.
Bu mənada, dinc normallaşma prosesinə apara biləcək bütün yollar, o cümlədən Antalya Diplomatiya Forumunun timsalında müzakirə masaları əslində ümumbəşəri dəyərlər üçün xilas sayıla bilər.
“Dialoq mühitinə olan inamın itməsi, təbii ki, ciddi çətinliklər ortaya çıxarır və bu baxımdan Azərbaycanın hərbi-siyasi qələbələrinə əsaslanan cari sülh reallığı qlobal miqyasda öyrənilməsi vacib təcrübədir. Bu mənada, Antalya Diplomatiya Forumunda Azərbaycan dövləti və liderinə olan münasibət təsadüf hesab edilə bilməz. Antalya Diplomatiya Forumu həm də Azərbaycan-Türkiyə münasibətlərinin cari inkişaf səviyyəsinin, o cümlədən Şuşa Bəyannaməsindən qaynaqlanan reallığın daha da güclənməsinin dünyaya nümayişi üçün mühüm platforma hesab edilə bilər”-deyən deputat əlavə edib ki, bu mənada Azərbaycan və Türkiyə dövlət başçılarının görüşü və görüşdən sonra eyni avtomobildə məkanı tərk etmələri Azərbaycan və Türkiyənin əslində birliyinin daha da möhkəmlənməsinin simvolik siqnalı kimi dəyərləndirilməlidir.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.