Vətəndaşa ilkin yardımın göstərilməsi görüntüləri Mərkəzi Neftçilər Xəstəxanasının həyətində qeydə alınıb. İctimai nəqliyyatda (avtobusda) vəziyyəti qəfil pisləşən 1964-cü il təvəllüdlü şəxs (kişi) ətrafdakı insanların yardımı ilə 19.04.2026-cı il tarixində saat 19:50 radələrində yaxınlıqda yerləşən Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb.Bu barədə BUTA.TV-a TƏBİB-dən məlumat verilib. Qurumdan bildirilib ki, hadisə zamanı vətəndaşa ilk tibbi müdaxilə xəstəxananın həyətində göstərilib: “Təcili olaraq kardiopulmonar reanimasiya (CPR) - ürəyin qapalı masajı başlanılıb, venadaxili adrenalin tətbiq edilib və pasiyent intubasiya olunaraq xəstəxananın qəbul şöbəsinə yerləşdirilib. Xroniki ürək çatışmazlığı, ürək ritm pozğunluğu (aritmiya), ağciyər-ürək çatışmazlığı, ürək dayanmasından sonrakı vəziyyət diaqnozları təyin olunan şəxsin həyatı göstərilən uğurlu müdaxilə nəticəsində xilas edilib. Hazırda pasiyentin müalicəsi reanimasiya şöbəsində davam edir, vəziyyəti ağır qiymətləndirilir”.