Avrokomissar Andryus Kubilyus Rusiyanın mərmi və raket istehsalında üstünlüyünü ciddi təhlükə adlandırıb...
Poliqon xəbər verir ki, Avropa Komissiyası Rusiyanın hərbi sənaye istehsalında Avropa İttifaqı ölkələrinin ümumi göstəricilərini geridə qoyduğunu açıqlayıb. Bu barədə Andryus Kubilyus Avropa Parlamentində keçirilən dinləmələr zamanı məlumat verib.
Onun sözlərinə görə, Rusiya ötən il qanadlı raket istehsalında da Aİ-ni ciddi fərqlə qabaqlayıb. Belə ki, Moskva 1 100 qanadlı raket istehsal etdiyi halda, Aİ ölkələrinin ümumi göstəricisi cəmi 300 olub. Ballistik raket istehsalında isə Rusiya 900 ədəd məhsul buraxdığı halda, Avropa İttifaqında bu kateqoriya üzrə istehsal sıfır səviyyəsində qalıb.
Artilleriya sursatları sahəsində də fərq diqqət çəkir. Kubilyusun təqdim etdiyi rəqəmlərə əsasən, Rusiya il ərzində 4 milyon mərmi istehsal edib, Aİ ölkələrinin ümumi istehsalı isə 2 milyon olub. Beləliklə, Moskva bu sahədə Avropanı iki dəfə qabaqlayıb.
Avrokomissar bildirib ki, bu göstəricilər Avropa təhlükəsizliyi baxımından ciddi çağırış yaradır. Onun fikrincə, əgər Avropa İttifaqı Rusiyanı hərbi baxımdan effektiv şəkildə çəkindirmək niyyətindədirsə, silah və sursat istehsalını əhəmiyyətli dərəcədə artırmalıdır.
Kubilyus əlavə edib ki, təqdim olunan məlumatlar açıq mənbələr əsasında hazırlanıb. Ekspertlər hesab edirlər ki, bu bəyanat Avropada müdafiə sənayesinin genişləndirilməsi və hərbi büdcələrin artırılması ilə bağlı yeni qərarların qəbulunu sürətləndirə bilər.
Poliqon.info