AZ

Bakıda torpaq bazarında qiymətlər niyə və necə dəyişir?

ain.az, Bizimyol portalına istinadən məlumat verir.

Bakının daşınmaz əmlak bazarında ən kəskin qiymət artımı torpaq sahələrində müşahidə olunur. Xüsusilə Səbail, Nəsimi və Yasamal rayonlarının mərkəzi hissələrində torpağın qiyməti rekord həddə çatıb.

Bizimyol.info Xəzər TV-yə istinadən xəbər verir ki, bəzi ərazilərdə torpağın bir sotunun qiyməti iki milyon manatadək yüksəlib.

Ekspertlər hesab edirlər ki, bu yüksəlişin əsas səbəbi mərkəzdə torpaq resurslarının tükənməsidir. Təklif azaldıqca, tələbat və qiymət mütənasib şəkildə artır. Torpaq sahələri bahalaşma sürətinə görə daşınmaz əmlakın digər növlərini xeyli qabaqlayır.

Paytaxtın mərkəzindən kənarlaşdıqca qiymətlər nisbətən aşağı düşsə də, ümumi tendensiya yüksəlişə doğru davam edir. Hazırda Xəzər, Qaradağ və Pirallahı rayonlarında artım dinamikası digər ərazilərlə müqayisədə hələlik aşağı səviyyədə qalmaqdadır.

Torpaq bazarında qiymət sabitliyini qorumaq üçün hansı mexanizmlər tətbiq oluna bilər?

Əmlak eksperti Anar Nəsirov Bizimyol.info xəbər portalına açıqlamasında belə deyib:bildirib: “Bütün dünyada olduğu kimi, Azərbaycanda əmlak bazarı özünü tənzimləyir. Tələb və təklif satış qiymətlərini müəyyənləşdirir: tələb artdıqca qiymətlər qalxır, təklif artdıqca qiymətlər enir. Bu baxımdan, hər hansı bir ərazidə tələbin yüksək olması həmin bölgədə qiymətlərin və kirayə haqqının artmasına, yeni tikinti və xidmətlərin cəlb olunmasına gətirib çıxarır”.

Anar Nəsirov deyib ki, Bakının kənar hissələrində torpaqlara alıcıların marağı azalıb: “Bu, 2023‑cü ildə sənədsiz torpaqların və sənədsiz evlərin su, qaz və elektrik təchizatı xətlərinə qoşulması haqda qərar veriləndən sonra oldu. Sənədsiz obyektlərin kommunikasiyalara qoşulmaması səbəbindən həmin obyektlərin yerləşdiyi ərazilərdə torpaqlara olan tələbat düşüb. Təbii ki, bu, sənədi olan torpaqlara şamil edilmir; mülk kağızı olan torpaqlara maraq, əksinə, artıb. Şəhərin mərkəzi hissələrində tikintiyə yararlı hesab edilən torpaqlara maraq çoxalıb. Mərkəzi ərazilərdə tikinti üçün yararlı torpaqların məhdud olması və burada tələb təklifi üstələdiyi üçün qiymətlər yüksəlməkdə davam edir.

Bu qiymət artımları, əsasən, şəhərin mərkəzi hissələrində torpaqlara tələbin daha çox olmasından irəli gəlir. İnsanlar biznes üçün və yaşayış məqsədilə bina tikmək, yaxud şəxsi əmlaklar inşa etmək üçün daha çox mərkəzi ərazilərə müraciət edirlər. Bir sözlə, kənar ərazilərə maraq olsa da, şəhərin mərkəzi hissələrinə daha çox alıcının yönəlməsi həmin ərazilərdə torpaq qiymətlərinin yüksəlməsinə səbəb olur.

Qiymətləri sabit saxlamaq isə, bütün dünya təcrübəsində olduğu kimi, mümkün deyil, çünki satışda olan torpaqların çoxu şəxsi mülkiyyətdir. Sahibkar torpağını istədiyi qiymətə bazara çıxara bilər və onun qiymətini yüksəltməsinə irad bildirmək mümkün deyil. Bazar özü özünü tənzimləyir: əgər satıcıların sayı çox, alıcıların sayı az olarsa, qiymətlər enəcək, amma əksinə olsa qiymətlərin yüksəlməsi qaçılmazdır”.

Anar Nəsirov həmçinin əlavə edib: “2040‑cı ilə qədər Bakı şəhəri və əhatə etdiyi rayonları birləşdirən genişmiqyaslı layihə həyata keçiriləcək. Bu müddət ərzində şəhərin yenidən qurulması və abadlaşdırılması məqsədi ilə xüsusi layihələr hazırlanıb. Layihələr çərçivəsində istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan binaların, həyət evlərinin sökülməsi, onların yerində yeni binaların tikilməsi planlaşdırılır.

Bu işlər nə qədər tez və sürətlə həyata keçirilərsə, torpaq qiymətlərinə bir o qədər təsir göstərə bilər. Şəhərin mərkəzi hissələrində istismar müddəti başa çatmış və qəzalı vəziyyətdə olan kifayət qədər kvartallar var".

Ekspert hesab edir ki, belə kvartalların sökülməsi və yerində müasir tələblərə cavab verən yeni binaların tikilməsi mərkəzi ərazilərdə torpaq tələbatını müəyyən dərəcədə azalda və qiymət artımının qarşısını ala bilər”.

Günel Həsənova,

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr