Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakıda sürücü olmaq, hər səhər "görəsən, bu gün mənzil başına çatanda maşını harada dəfn edəcəyəm?" sualı ilə oyanmaq deməkdir. Bəli, "dəfn etmək". Çünki şəhərin mərkəzində boş bir yer tapıb maşını saxlamaq, sanki xəzinə tapmaq qədər qeyri-adi bir hadisəyə çevrilib. Bakıda maşını sürmək olar, amma saxlamaq? Bax, əsl məsələ budur.
Müasir Bakı küçələrində hər addımbaşı bizi izləyən o soyuq kameralar sanki sürücülərin ən kiçik səhvini gözləyir. "Bircə dəqiqəlik saxlayım, düşüb uşağa çörək alım" dediyiniz an, telefonunuza gələn o məşhur bildiriş səsi ruhunuzu sarsıdır. Biz buna artıq zarafatla "bahalı fotosessiya" deyirik. Şəhərin ən lüks fotoqrafları belə, yol kənarındakı kameralar qədər baha şəkil çəkmirlər. Dayandığın o 30 saniyə sənə bir restoran şamı qiymətinə başa gəlir.
Şəhərin mərkəzinə doğru irəlilədikcə parkinq yerləri "qırmızı kitaba" düşmüş nadir tapıntılar kimi yoxa çıxır. Yeraltı dayanacaqlar ya uzaqdır, ya da dolu. Küçələrdə isə hər qarış torpaq ya bir idarənin "bron"udur, ya da rəngli xətlərlə mühasirəyə alınıb. Sürücü çarəsiz qalıb maşını ikinci cərgədə saxlayanda isə həm digər sürücülərin qəzəbinə tuş gəlir, həm də növbəti "cərimə qəbzi" üçün poz verir.
Əlbəttə, hər kəs qaydalara riayət olunmasının tərəfdarıdır. Amma saxlamağa yer olmayanda, sürücü nə etməlidir? Maşını cibinə qoyub binaya qalxmalı, yoxsa mənzil başına çatana qədər şəhərin ətrafında sonsuz dövrələr vurmalıdır? Bu gün Bakı küçələrində sürmək yox, məhz "dayanmaq" ən böyük lüksə çevrilib.
Bakıda maşın sürmək artıq sadəcə bir yerdən digər yerə getmək deyil, kameralarla gizlənpaç oynamaqdır. Sükan arxasına keçəndə bilirsən ki, hər dayanacaq bir riskdir, hər boşluq bir tələ ola bilər.
Bəlkə də gələcəkdə Bakıda maşın saxlayanlara "qəhrəman" adı veriləcək. O günə qədər isə, gəlin "fotosessiyalara" düşməmək üçün gözümüzü dörd açaq. Çünki bu şəhərdə dayanmaq, hərəkət etməkdən daha bahadır.
Leyla Mirzə, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.