AZ

Tramp: İranla atəşkəsin uzadılmasının çox az ehtimalı var

Donald Tramp Bloomberg-ə müsahibəsində İranla atəşkəsin uzadılmasını “son dərəcə az ehtimallı” adlandırıb. O qeyd edib ki, atəşkəs “Vaşinqton vaxtı ilə çərşənbə axşamı” başa çatacaq, bu isə Bakı vaxtı ilə 22 apreldən 23 aprelə keçən gecəyə təsadüf edir.

ABŞ prezidenti bildirib ki, o, tələsmək və əlverişsiz razılaşma bağlamaq niyyətində deyil. Onun sözlərinə görə, vaxt hələ “kifayət qədərdir”. O, həmçinin bir daha vurğulayıb ki, razılaşma əldə olunana qədər ABŞ Hörmüz boğazını açmayacaq.

ABŞ-nin vitse-prezidenti Cey Vens bazar ertəsi İranla danışıqlar üçün Pakistana yollanacaq. Tramp bildirib ki, danışıqlar “ya çərşənbə axşamı, ya da çərşənbə günü” bərpa olunmalıdır. Daha əvvəl Tehran planlaşdırılan görüşdə iştirakla bağlı qeyri-müəyyən mövqe sərgiləsə də, Bloomberg mənbələrinə görə, İran danışıqlara nümayəndə heyəti göndərəcək.

Agentlik qeyd edir ki, prezident qarşıdakı görüşlə bağlı nikbindir. O bildirib ki, danışıqlarda şəxsən iştirak etməkdən məmnun olardı, lakin bunu zəruri hesab etmir.

Aprelin 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə iranlı həmkarı Abbas Araqçi arasında telefon danışığı baş tutub. Rusiya tərəfi atəşkəsin qorunmasının vacibliyini vurğulayıb. Lavrov həmçinin eskalasiyanın qarşısını almağa yönəlmiş diplomatik səylərin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Aprelin 8-də Tramp ABŞ, İsrail və İranın iki həftəlik atəşkəs barədə razılığa gəldiyini bildirmişdi. Lakin aprelin 13-də İslamabadda keçirilən danışıqların ilk raundu nəticəsiz qaldıqdan sonra ABŞ Hörmüz boğazını blokadaya alıb. Aprelin 17-də İran boğazın açıldığını elan etsə də, ABŞ-nin dəniz blokadası səbəbindən su yolu qısa müddət sonra yenidən bağlanıb.

Aprelin 19-da Tramp İranın razılaşmadan imtina edəcəyi təqdirdə ölkədəki bütün elektrik stansiyalarını və körpüləri məhv etməklə hədələyib. ABŞ lideri bildirib ki, onun nümayəndələri danışıqlarda iştirak etmək üçün İslamabada yollanacaqlar. İran KİV-ləri isə həmin gün Tehranın danışıqlarda iştirak edib-etməmək barədə hələ qərar vermədiyini yazmışdı.

Seçilən
20
banker.az

1Mənbələr