AZ

Ermənistandan Azərbaycana dərman idxal edilə bilər -AÇIQLAMA

"Ermənistandan Azərbaycana məhsul ixracı iqtisadi baxımdan maraqlı bir perspektivdir. Hər iki ölkənin iqtisadi strukturuna baxdıqda bir neçə sahə özünü göstərir. Ermənistan kənd təsərrüfatı məhsulları, xüsusilə meyvə-tərəvəz, üzüm və şərab istehsalında güclüdür. Ermənistan konyakı dünyada tanınan brenddir və Azərbaycanda bu kateqoriyada keyfiyyətli idxal məhsullarına tələbat var. Bundan əlavə, Ermənistanın alma, ərik, gilas kimi meyvələri, eləcə də pomidor və bibər kimi tərəvəzləri ixrac potensialı daşıyır".

Bu barədə Redaktor.az-a danışan iqtisadçı ekspert Akif Nəsirli Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyanın yaxın gələcəkdə Ermənistandan Azərbaycana bəzi məhsulların ixracının həyata keçirilməsinin gözlənildiyi barədə açıqlamasına münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, sənaye sahəsində Ermənistanın kimya sənayesi, xüsusilə dərman preparatları istehsalı inkişaf edib:

"Azərbaycanın dərman idxalına böyük ehtiyacı var və bu sahədə Ermənistandan qismən idxal mümkündür. Bunun yanında Ermənistanın elektrotexnika, maşın hissələri və avadanlıq istehsalı da mövcuddur.

Yüngül sənaye baxımından Ermənistan tekstil və geyim istehsalında müəyyən təcrübəyə malikdir. Azərbaycanın bu sahədəki idxal həcmi isə böyükdür. Azərbaycanın ehtiyacı olan tərəfdən baxsaq, ölkə hazırda kənd təsərrüfatı məhsullarını, dərmanları, maşın avadanlıqlarını, tikinti materiallarını və istehlak mallarını xeyli miqdarda xaricdən alır. Bu sahələrin bir hissəsini Ermənistanın doldurmaq potensialı var.

Lakin real ticarətin işə düşməsi üçün yalnız məhsul çeşidi yox, nəqliyyat infrastrukturu, gömrük mexanizmləri, keyfiyyət standartlarının qarşılıqlı tanınması və siyasi iradə lazımdır. Sülh müqaviləsi imzalanmadan bu ticarətin tam potensialını reallaşdırmaq mümkün olmayacaq".

Aytəkin TOFİQQIZI

Seçilən
41
redaktor.az

1Mənbələr