Ali Məhkəmənin qanunsuz saydığı rüsumlarla bağlı artıq minlərlə şirkət vəsaitin geri ödənilməsi üçün müraciət edib, ödənişlərin isə təsdiqdən sonra 60-90 gün ərzində başlanacağı bildirilir...
Poliqon xəbər verir ki, The New York Times nəşrinin yaydığı məlumata görə, ABŞ Tramp dövründə tətbiq edilmiş və sonradan qanunsuz sayılmış tariflər üzrə təxminən 166 milyard dollarlıq vəsaitin qaytarılması prosesinə başlayıb. Bildirilir ki, bu rüsumların geri alınması üçün artıq 3 mindən çox şirkət iddia qaldırıb, müraciətləri təsdiqlənən şirkətlərə ödənişlərin 60-90 gün ərzində çatdırılması nəzərdə tutulur. (Reuters)
Məlumata əsasən, söhbət Donald Tramp administrasiyası dövründə tətbiq olunmuş və daha sonra ABŞ Ali Məhkəməsi tərəfindən qanunsuz hesab edilən tariflərdən gedir. Qərar bu rüsumların prezidentin fövqəladə səlahiyyətləri çərçivəsində tətbiqinin hüquqi əsasının olmadığını ortaya qoyub.
Bildirilir ki, geri ödəmə mexanizmi əsasən bu tarifləri birbaşa ödəmiş idxalçı şirkətlərə şamil olunur. Hazırda minlərlə biznes subyekti ödədiyi vəsaiti geri almaq üçün rəsmi müraciət edib və prosesin mərhələli şəkildə icra olunacağı gözlənilir.
Müşahidəçilər hesab edirlər ki, bu addım ABŞ-nin son illərdəki ticarət siyasətinin nəticələri ilə bağlı ən iri maliyyə geriödəmə proseslərindən birinə çevrilə bilər. Eyni zamanda, qərar Tramp dövrünün sərt tarif siyasətinin hüquqi və iqtisadi nəticələrinin hələ də davam etdiyini göstərir.
Poliqon.info