AZ

“İstanbul səfəri parlament diplomatiyasının inkişafı baxımından mühüm nəticələr verdi” - Sahibə Qafarova

Azərbaycan parlament nümayəndə heyəti aprelin 14–17-də Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olub və bir sıra beynəlxalq tədbirlərdə iştirak edib.

SİA xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova plenar iclasda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, səfərin əsas məqsədi Parlamentlərarası İttifaqın 152-ci Assambleyası və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək olub. Tədbirlərdə 126 ölkədən 1500-dən çox nümayəndə, o cümlədən yüzlərlə parlament üzvü iştirak edib.

Sahibə Qafarova qeyd edib ki, Assambleyanın əsas mövzusu “Gənc nəsil üçün ümidlərin artırılması, sülhün qorunması və ədalətin təmin edilməsi” olub və müzakirələr parlamentlərin bu istiqamətdə rolunun gücləndirilməsinə yönəlib.

O bildirib ki, çıxışında qlobal problemlərə diqqət çəkərək parlamentlərin sülhün təşviqi və ədalətin qorunmasında birgə fəaliyyətinin vacibliyini vurğulayıb.

Milli Məclisin sədri həmçinin Assambleya çərçivəsində 41-ci Qadın Parlamentarilər Forumunda iştirak etdiyini və qadın liderliyinə dair hesabat təqdim etdiyini bildirib.

Səfər zamanı Rəcəb Tayyib Ərdoğanın parlament sədrləri ilə görüş keçirdiyi və parlamentlərarası əməkdaşlığın gücləndirilməsinin qlobal çağırışların həllində mühüm rol oynadığı qeyd olunub.

Sahibə Qafarova bildirib ki, Türk Dövlətləri Parlament Assambleyası çərçivəsində keçirilən görüşlərdə türk dünyasında inteqrasiyanın gücləndirilməsi məsələləri müzakirə edilib.

O, həmçinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında mühüm qərarın qəbul edildiyini deyib: təşkilatın mənzil-qərargahının Bakıda yerləşdirilməsi barədə qərar Azərbaycanın parlament diplomatiyası üçün mühüm uğur kimi qiymətləndirilib.

Səfər çərçivəsində 10 rəsmi və 3 qeyri-rəsmi görüş keçirildiyi, bir sıra parlament sədrləri ilə əməkdaşlıq məsələlərinin müzakirə olunduğu bildirilib.

Sahibə Qafarova İstanbul səfərinin uğurla başa çatdığını və nümayəndə heyətinə təşəkkürünü ifadə edib.

Müəllif: Günel Fərzəliyeva
Seçilən
2
sia.az

1Mənbələr