AZ

"Qəzəb normal hissdir, amma onun ifadə forması vacibdir" - İlkin Kazımlı

Bakıdakı 286 nömrəli orta məktəbin doqquzuncu sinif şagirdi sinif yoldaşının üzərinə spirtli içki töküb alışqanla yandırıb. 2011-ci il təvəllüdlü yeniyetmə Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə yerləşdirilib.

Mövzu ilə bağlı klinik psixoloq, psixoterapevt İlkin Kazımlı QHT.az-a açıqlama verib.

İ.Kazımlının sözlərinə görə, yeniyetmələrdəki davranışları yalnız aqressiya kimi ümumiləşdirməyin kifayət etmədiyini və problemin daha dərin olduğunu qeyd edir: "Açıq deyim, bu tip hadisələri sadəcə “yeniyetmələr aqressivləşib” kimi ümumi cümlələrlə izah etmək yetərli deyil. Mənim psixoterapevt kimi baxışım budur ki, burada bir neçə ciddi psixoloji və sosial qat üst-üstə düşür".

Psixoterapevt İlkin Kazımlı bildirib ki, yeniyetməlik dövründə emosional gərginlik və kimlik axtarışı davranışlara birbaşa təsir edir: "Yeniyetməlik dövrü onsuz da emosiyaların intensiv yaşandığı, kimlik axtarışının getdiyi bir mərhələdir. Bu yaşda uşaq həm daxili gərginlik yaşayır, həm də xarici mühitdən -ailə, məktəb, sosial şəbəkələr -ciddi təsir alır. Əgər uşaq bu müddətdə öz emosiyalarını tanımağı və idarə etməyi öyrənməyibsə, xüsusilə də qəzəb, utanc, rədd edilmə hisslərini, o zaman bu emosiyalar davranışda partlayış kimi çıxır. Aqressiya çox vaxt səbəb deyil, nəticədir".

Mütəxəssis vurğulayıb ki, emosional laqeydlik və ya həddindən artıq nəzarət uşaqlarda aqressiv davranışların formalaşmasına səbəb ola bilər: "Burada bir məqamı da vurğulamaq vacibdir: bir çox uşaqlar emosional olaraq ya laqeydlik, ya da həddindən artıq nəzarət mühitində böyüyür. Hər iki halda uşaq ya özünü ifadə edə bilmir, ya da yalnız sərt reaksiyalarla “görünə” bildiyini öyrənir. Yəni aqressiya bəzən diqqət qazanmağın yeganə yolu kimi formalaşır".

Psixoloqun sözlərinə görə, sosial media və informasiya mühiti empatiya hissinin zəifləməsinə və sərhədlərin bulanıqlaşmasına təsir edir: "Digər tərəfdən, sosial mediada və ümumiyyətlə informasiya mühitində zorakılığın normallaşması problemi var. Uşaqlar çox vaxt real nəticələri deyil, davranışın yaratdığı effekti və reaksiyanı görür. Bu isə empatiyanı zəiflədir. Qarşı tərəfin nə hiss etdiyini düşünmək bacarığı inkişaf etmədikdə, sərhədlər də bulanıqlaşır".

İ.Kazımlının fikrincə, bəzi hallarda aqressiv davranışların arxasında travma və emosional boşluqlar kimi daha dərin problemlər dayanır: "Bəzən isə bu cür ağır davranışların arxasında daha dərin psixoloji problemlər -travmatik təcrübələr, zorakılığa məruz qalma, ya da ciddi emosional boşluqlar dayanır. Yəni məsələ təkcə “pis uşaq” məsələsi deyil, çox vaxt düzgün yönləndirilməmiş, anlaşılmamış bir psixikanın nəticəsidir".

O vurğulayıb ki, problemin qarşısını almaq üçün ümumi tövsiyələr deyil, konkret və sistemli yanaşma lazımdır.

İlkin Kazımlı bildirib ki, valideynlər uşaqlarla münasibətdə nəzarətdən çox emosional əlaqəyə fokuslanmalıdır: "Valideynlər üçün - uşaqla münasibətdə nəzarət yox, əlaqə əsas olmalıdır. Uşağa “düzgün davran” deməkdən çox, “nə hiss edirsən?” sualını vermək vacibdir. Evdə emosiyaların ifadəsinə yer olmalıdır. Uşaq qəzəbləndikdə onu susdurmaq yox, bu qəzəbi necə təhlükəsiz şəkildə ifadə edəcəyini öyrətmək lazımdır. Eyni zamanda valideyn özü də modeldir -aqressiyanı necə idarə etdiyini uşaq birbaşa ondan öyrənir".

Psixoloq vurğulayıb ki, məktəblər yalnız təhsil deyil, emosional inkişaf mühitinə də çevrilməlidir: "Məktəblər üçün -təkcə akademik nəticələrə fokuslanmaq artıq yetərli deyil. Emosional və sosial bacarıqlar sistemli şəkildə öyrədilməlidir. Məktəb psixoloqu formal fiqur yox, aktiv müdaxilə edən mütəxəssis olmalıdır. Bullinq halları erkən mərhələdə aşkarlanmalı və ciddi şəkildə işlənməlidir. Müəllimlər də bu mövzuda təlimləndirilməlidir ki, davranışın arxasındakı səbəbi görə bilsinlər".

İ.Kazımlının sözlərinə görə, şagirdlərdə emosional savadlılıq və empatiya bacarıqları sistemli şəkildə formalaşdırılmalıdır: "Şagirdlər üçün -emosional savadlılıq öyrədilməlidir. Yəni uşaq bilməlidir ki, qəzəb normal hissdir, amma onun ifadə forması vacibdir. Konflikt həll etmə bacarıqları, empatiya və sərhəd anlayışı inkişaf etdirilməlidir".

Psixoloq qeyd edib ki, bu tip hadisələr təsadüfi deyil və uzun müddətli sosial-psixoloji problemlərin nəticəsidir: "Ən vacibi isə budur: bu cür hadisələr təsadüfi deyil. Onlar uzun müddət yığılan, amma vaxtında görülməyən problemlərin nəticəsidir. Əgər biz yalnız nəticəyə reaksiya verib səbəbi görməsək, eyni halların təkrarlanması qaçılmaz olacaq".

Fatimə Nəbiyeva

Seçilən
33
qht.az

1Mənbələr