AZ

İran 138 min mülki obyektin zədələndiyini açıqlayıb

ABŞ və İsrail zərbələri nəticəsində yaşayış binaları, xəstəxanalar və təhsil müəssisələri ciddi ziyan görüb...

İran rəsmiləri ölkə ərazisində eskalasiyanın başlanmasından bəri ABŞ və İsrail silahlı qüvvələrinin zərbələri nəticəsində 138 minə yaxın mülki obyektin zədələndiyini bəyan edib.

Poliqon xəbər verir ki, bu barədə İranın SNN telekanalı məlumat yayıb.

Telekanalın məlumatına əsasən, dağıntıya və ya müxtəlif dərəcəli zədələrə məruz qalan obyektlərin böyük hissəsini yaşayış sahələri təşkil edir. Belə ki, 113 mindən çox yaşayış binasının zərər gördüyü bildirilir. Bu göstərici zərbələrin əsasən şəhər və sıx məskunlaşmış ərazilərə təsir etdiyini göstərir.

Hesabatda həmçinin təxminən 23,5 min kommersiya obyektinin, mağaza və digər biznes binalarının zədələndiyi qeyd olunur. Bunun iqtisadi fəaliyyətə, daxili ticarətə və minlərlə insanın məşğulluğuna mənfi təsir etdiyi vurğulanır.

Məlumata görə, hücumlar nəticəsində 300-dən çox tibb müəssisəsi, 32 universitet və 993 təhsil ocağı da ziyan görüb. Ekspertlər bildirirlər ki, səhiyyə və təhsil infrastrukturuna dəyən zərbə uzunmüddətli sosial nəticələrə səbəb ola bilər.

Rəsmi Tehran beynəlxalq qurumları vəziyyətə reaksiya verməyə çağırır. Münaqişənin humanitar nəticələrinin artdığı bir vaxtda bölgədə gərginliyin azaldılması üçün diplomatik səylərin vacibliyi vurğulanır.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr