AZ

Bakı-Moskva münasibətlərində gəldiyimiz NÖQTƏ – Yeni mərhələdən ƏSAS gözləntimiz

Ötən həftənin gündəmində yer alan əsas xəbərlərdən biri Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin birgə bəyanatı oldu. Sənəddə bildirilirdi ki, Azərbaycan və Rusiya Prezidentlərinin Düşənbə şəhərində 9 oktyabr 2025-ci il tarixli görüşü zamanı əldə olunmuş anlaşmaya uyğun olaraq, tərəflər 25 dekabr 2024-cü il tarixində Rusiya hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində “Azərbaycan Hava Yolları” na (AZAL) məxsus Embraer 190 tipli təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar kompensasiyanın ödənilməsi də daxil olmaqla, qəzadan irəli gələn məsələlərin müvafiq şəkildə həlli barədə razılığa gəliblər.

Münasibətlərin normallaşmağa istiqamətlənməsi ilə paralel, cəmiyyəti maraqlandıran suallardan biri Rusiyada həbs olunan azərbaycanlıların taleyi ilə bağlıdır. Görəsən, siyasi anlaşmalar azərbaycanəsilli şəxslərin məhkəmə prosesinə necə təsir edə bilər?

Xəyal

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Musavat.com-a bildirib ki, Rusiya və Azərbaycan arasında münasibətlərin normallaşması elə Rusiya tərəfinin təşəbbüsü ilə baş verib. Onun sözlərinə görə, uzun müddət Rusiyada olan bəzi qüvvələr iki ölkə arasında münasibətlərin normallaşmasına qarşı müəyyən addımlar atırdılar: “Onların içində ruporlar, o cümlədən digər dairələrdən olan şəxslər var idi. Azərbaycan dövləti hər zaman qarşı tərəfin münasibətində daha çox rəsmi şəxslərin münasibətini əsas götürür. Rusiya, İran kimi dövlətlərlə münasibətdə bu, özünü bariz göstərir.

Bizim üçün əsas indikator kimi rəsmi şəxslərin-dövlət başçısının, xarici işlər nazirinin və digər şəxslərin münasibətidir. Uzun müddət ərzində münasibətlərin normallaşmasına mane olan amil 2024-cü ilin dekabr ayında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin vurulması idi. Bununla bağlı Azərbaycan tərəfinin beynəlxalq hüquqa əsaslanan bəzi haqlı tələbləri var idi. Bu tələblərlə bağlı zaman-zaman Rusiya tərəfindən mövqelər səslənirdi. Prezident İlham Əliyevlə prezident Vladimir Putin arasında Düşənbədə keçirilən görüşdə Putin Azərbaycan dövlətinə üzrxahlığını bildirdi. Növbəti mərhələdə Azərbaycan tərəfinin gözləntisi kompensasiya ilə bağlı idi. Bununla bağlı da Rusiya tərəfinin rəsmi mövqeyini gördük.

Hesab edirəm ki, münasibətlərin daha yaxşı səviyyəyə getdiyi dövrdə Azərbaycan üçün önəm kəsb edən məqamlardan biri Azərbaycan əsilli vətəndaşlarla bağlı Rusiyanın atacağı addımlardır. Biz uzun müddət SSRİ tərkibində mövcud olmuşuq. Bununla əlaqədar olaraq, qarşılıqlı sərbəst gediş-gəliş, ticarət imkanları olub. Azərbaycanda böyük rus icması var. Azərbaycanlılar da Rusiyada bir çox sahədə fəaliyyət göstərirlər. Bu şəxslər dövlətin mənafeyinə, iqtisadiyyata xidmət edirlər. Normallaşma ərəfəsində Rusiyada həbs olunan azərbaycanlılarla bağlı gözləntilər var”.

X.Bəşirovun fikrincə, Rusiya tərəfi bu məsələdə həssaslığımızı nəzərə alıb, onlara münasibətdə ədalətli araşdırma aparılmasının və ədalətli qərarların qəbul edilməsində maraqlı ola bilər: “Məlumdur ki, dövlətlər arasında münasibətlərdə gərginlik olanda bəzi məsələlər pərdə arxasında qalır, o qədər də önə çəkilmir. Azərbaycan dövlətinin yürütdüyü siyasət ilk növbədə xalqın maraqlarını üstün tutur. Bizim mövqeyimizdəki prinsipiallıq ən əvvəl vətəndaşların təhlükəsizliyi ilə bağlı idi. Bu, normal yanaşmadır.

Dövlətin öhdəliklərində öncəlik vətəndaşların təhlükəsizliyi, onların sağlamlığı və həyatı kimi məsələlərdə həssas yanaşmadır. Azərbaycan bu yanaşmanı ortaya qoyub. Hesab edirəm ki, bütün dövlətlər, o cümlədən Rusiya bu yanaşmanı açıq şəkildə sezir. Müstəqillik dövründə dövlətlərarası münasibətlərdə 300-ə qədər sənəd qəbul edilib. Fikrimcə, 2022-ci ildə imzalanmış “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” və ondan əvvəl qəbul edilmiş sənədlərə uyğun öhdəlikləri nəzərə alaraq, eyni zamanda, həssas yanaşmamızı əsas götürərək, Rusiya tərəfi soydaşlarımızla bağlı xoşagəlməz halların aradan qaldırılması, onlara münasibətdə ədalətli yanaşmanı (əgər ədalət şəxslərin cinayət məsuliyyətini istisna edirsə, onların məsuliyyətdən azad olunmasını tələb edirsə) əldə rəhbər tutacaq, bu istiqamətdə addımlar atılacaq. Düşünürəm ki, bu, dövlətlər arasında münasibətlərin əvvəlki məcraya qayıtmasına, daha yaxşı səviyyəyə qayıtmasına səbəb olan əsas amillərdən biri olacaq”.

Nigar Həsənli,
Musavat.com

Seçilən
57
musavat.com

1Mənbələr