AZ

Bakı və İrəvan ortaq düşmən ə qarşı birləşir İki deputat tapşırığı kimlərdən alıb?

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsi imzalansa, münasibətlər normallaşsa da, erməni diasporu reallıqla barışmayacaq. Bunu 16 aprel 2026-cı il tarixində Belçika və Niderland parlamentləri tərəfindən qəbul edilmiş Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan, eləcə də Bakı və İrəvan arasında davam edən sülh prosesini sarsıtmaq məqsədi daşıyan növbəti məsuliyyətsiz cəhdlər bir daha sübut etdi.

Öncə Niderland parlamentinin Nümayəndələr Palatasının deputatı Don Sederini Azərbaycana qarşı hərbi cinayətlərdə təqsirli bilinərək həbs edilən erməni terrorçular və qondarma “erməni soyqırımı”nın tanınması haqqında sənədlə hökumətə müraciət edib. Onunla eyni gündə isə Belçika parlamentinin Nümayəndələr Palatasının deputatı Mişel de Maqdanın təklif etdiyi oxşar məzmunlu sənəd qəbul edilib. Sənəddə həmçinin Azərbaycanı könüllü tərk etmiş Qarabağ ermənilərinin geri qaytarılması tələb olunur.

Aydın məsələdir ki, Don Sederini və Mişel de Maqdan kimi şəxslər ədalət axtarışında olmur. Yəni nə Qarabağ erməniləri, nə də Bakıda saxlanılan terrorçular onları maraqlandırır. Belə olsaydı, 1990-cı illərdə Qarabağdan çıxarılan azərbaycanlı məcburi köçkünlər və ya əsirlikdə işgəncəyə məruz qalan soydaşlarımız haqqında da məsələ qaldırardılar. Bu kimi şəxslərin irəli sürdüyü sənədlər daha çox siyasi mesaj xarakteri daşıyır. Yəni onlar bir tərəfdən seçicilərinə və müəyyən qruplara siqnal vermək istəyir, digər tərəfdən isə özlərini “dəyərlər siyasəti” aparan siyasətçi kimi göstərməyə çalışırlar.

Don Sederini və Mişel de Maqdanın erməni diasporu ilə çalışdığı heç kəsə sirr deyil. Aydın məsələdir ki, bu şəxslər diaspordan aldıqları konkret təlimatlar əsasında sözügedən işi görür. Azərbaycanın Niderland və Belçika ilə heç bir problemi yoxdur. Yenə də məsələnin hər iki ölkə parlamentinə daşınması Bakını narahat edir. Bu ölkələrin səfirlərinin Xarici İşlər Nazirliyinə çağırılması yerində, doğru addımdır.

Bu kimi təşəbbüslərin İrəvan ilə Bakı arasında sülh prosesinə mane olacağını düşünmürəm. İstisna deyil ki, Ermənistandakı parlament seçkilərindən sonra sülh istiqamətində daha real addımların şahidi olacağıq. Lakin görünən odur ki, diaspor sülhdən sonra da boş durmayacaq. Yəni erməni diasporu nə Ermənistan–Azərbaycan sülhünü, nə də Türkiyə–Ermənistan münasibətlərinin normallaşmasını qəbul edəcək.

Proses gələcəkdə də davam edərsə, İrəvan ciddi addımlar atmalı olacaq. Hətta qəribə səslənsə də, erməni diasporunun destruktiv fəaliyyətinə qarşı İrəvan və Bakı ortaq hərəkət belə edə bilər.

Turan Rzayev

Globalinfo.az-ın siyasət yazarı

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
50
globalinfo.az

10Mənbələr