AZ

"Mehriban Əliyeva humanitar təşəbbüslərdə fəal iştirak edir" - ŞƏRH

"Fələstin məsələsi və Qəzzada davam edən müharibə ilə bağlı Azərbaycanın aydın və prinsipial mövqeyi mövcuddur. Azərbaycan Yaxın Şərqdə baş verən proseslərə münasibətdə siyasətini açıq şəkildə ortaya qoyur və bu mövqe beynəlxalq hüquqa, eləcə də beynəlxalq humanitar hüququn prinsiplərinə əsaslanır".

Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan Qəzzada müharibənin başladığı ilk gündən etibarən hərbi əməliyyatların dayandırılmasını və humanitar fəlakətin qarşısının alınmasını prioritet kimi müəyyən edib: "Eyni zamanda, Fələstin probleminin həllini Qəzzada vəziyyətin normallaşması ilə sıx əlaqəli şəkildə qiymətləndirir.

Azərbaycanın mövqeyinə görə, Qəzzada davam edən müharibənin uzunmüddətli və dayanıqlı şəkildə dayandırılması yalnız Fələstin probleminin ədalətli həlli ilə mümkündür. Bu həllin əsas prinsipi iki dövlət modelinə uyğun olaraq Fələstin dövlətinin yaradılmasıdır.

Azərbaycan bu prosesdə humanitar yardım məsələsinə xüsusi önəm verir və Fələstin xalqına, xüsusilə Qəzza bölgəsində yaranmış humanitar böhranın aradan qaldırılması üçün dəfələrlə yardım göstərib, həm ikitərəfli, həm də beynəlxalq platformalarda mövqeyini ifadə edib.

Ölkə rəhbərliyi səviyyəsində Azərbaycan Qəzzada humanitar fəlakətin dayandırılmasına yönəlmiş bütün beynəlxalq təşəbbüsləri dəstəkləyib və bu mövzuya xüsusi həssaslıqla yanaşıb. Antalya Diplomatiya Forumu kimi beynəlxalq platformalarda da Azərbaycanın bu istiqamətdə fəal iştirakı ölkənin mövqeyini bir daha nümayiş etdirir.

Ümumilikdə, Azərbaycan hesab edir ki, Qəzzada və Fələstində humanitar böhranların aradan qaldırılması sülh sazişinin gözlənilməsindən asılı olmamalıdır. Təxirəsalınmaz humanitar tədbirlər dərhal həyata keçirilməli və mülki əhalinin müdafiəsi təmin olunmalıdır".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
14
1
sia.az

2Mənbələr