AZ

Metroda nasazlıq zamanı neçə qatar tuneldə qalıb? – Rəsmi açıqlama

Bu gün Bakı Metropolitenində baş vermiş texniki insident qısa müddətdə aradan qaldırılıb və qatarların hərəkəti tam bərpa olunub.

Ölkə.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

Onun sözlərinə görə, hadisə saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində tuneldə kabellərdə baş verən qısaqapanma nəticəsində yaranıb. Nəticədə qatarların əsas enerji mənbəyinə olan təmas xəttinə gərginliyin verilməsi dayanıb.

Qurum rəsmisi qeyd edib ki, insident zamanı heç bir sərnişin xəsarət almayıb. Hadisə baş verən kimi Bakı Metropoliteninin normativ tələblərinə uyğun olaraq bütün stansiyalara dərhal müvafiq tapşırıqlar verilib, sərnişin axınının tənzimlənməsi, müraciət və şikayətlərin operativ həlli, xüsusilə təhlükəsizlik məsələləri diqqətdə saxlanılıb.

Bildirilib ki, hadisə zamanı xətlərdə olan 30 qatardan yalnız 4-ü tuneldə qalıb. Qısa müddətdə həyata keçirilən tədbirlər nəticəsində sərnişinlərin təxliyəsi problemsiz və insidentsiz şəkildə başa çatdırılıb.

Məlumata görə, saat 14:14-də “Ulduz–Nərimanov” mənzilində gərginliyin verilməsi tam təmin olunub. Alternativ mənbələrdən istifadə edilərək tuneldə enerji təchizatı ehtiyat qida mənbələri hesabına bərpa edilib.

Saat 15:00-dan etibarən isə Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti yenidən başlayıb. Hazırda metropoliten normal iş rejimində fəaliyyət göstərir və qatarların hərəkət qrafiki tam təmin olunur.

Seçilən
106
1
olke.az

2Mənbələr