AZ

Bu kənddə artıq müharibənin izləri deyil, xoşbəxtliyin ətri duyulur REPORTAJ

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Xocalı, 21 aprel, AZƏRTAC

Xocalı rayonunun Xanyurdu kəndi… Uzun illər həsrətin, nisgilin ünvanı olan bu torpaq bu gün yenidən azad nəfəs alır. İşğaldan azad edildikdən sonra kənddə genişmiqyaslı təmir-bərpa işləri aparılıb, evlər bərpa olunub, yollar çəkilib, elektrik, qaz və su xətləri yenidən qurulub. Kəndə qayıdan insanlar doğma ocaqlarında yeni, xoşbəxt həyat qururlar.

AZƏRTAC-ın bölgə müxbiri Xanyurdu kəndində məskunlaşan Mehdiyevlər ailəsinin qonağı olub, onların doğma yurda qayıdış sevinci, buradakı həyatları ilə bağlı təəssüratlarını qələmə alıb.

Kənddə gəzərkən diqqətimizi çəkən məqamlardan biri təkcə aparılan abadlıq və quruculuq işləri deyil, həm də doğma yurda qayıdan sakinlərin torpaq sevgisi, həyətyanı sahələrində bağa qulluq etmələri, əkinlə məşğul olmaları oldu. Kəndin sakini Nizami Mehdiyev bizi “Torpağımızdayıq, Vətənimizdəyik”, – sözləri ilə qarşılayır: “Gördüyünüz kimi, bağa qulluq edirəm. Xocalının torpağı çox bərəkətlidir. Gilas, gilənar, alma, armud tingləri və kartof əkmişəm. Lobya, pomidor, xiyar, badımcan, bibər, göyərti də əkəcəyik”.

Həyətin digər tərəfində isə ailənin xanımı Məhbarə Balakişiyeva nəvəsi ilə birlikdə gül-çiçəkləri suvarır. Üzündəki sevinc hissi hər sözündə aydın hiss olunur: “Çox şükür ki, biz Xocalımıza – 34 il həsrətin çəkdiyimiz torpağımıza qayıtmışıq. Gül-çiçək əkirik, toyuq-cücə saxlayırıq, bağımıza baxırıq. Hər şeydən razıyıq. Sevincimizin həddi-hüdudu yoxdur. Prezidentimizə, Ordumuza da minnətdarlığımızı bildiririk”.

Sonra ailə bizi evə dəvət edir. Çay süfrəsi arxasında oturub, söhbətimizi davam etdiririk. Nizami Mehdiyev keçdiyi çətin, amma qürurlu həyat yolunu xatırlayır: “Kəndimiz işğal olunan zaman “Ural” avtobusum var idi, sürücü işləyirdim. Camaatı apararkən ermənilərin atəşinə məruz qaldıq. Ayağımdan yaralansam da maşında olan 23 nəfəri xilas etdim. Kəndimizi tərk edəndən sonra illər çox çətin keçdi. Çadırlarda, vaqonlarda yaşadıq, müxtəlif rayonlarda məskunlaşdıq. Nəhayət, Abşeronda, Masazırda bizə ev verildi və 9 il orada yaşadıq. Amma ürəyimiz həmişə burada idi...” O, bir anlıq susur, sonra davam edir: “Nəhayət 34 il həsrətini çəkdiyimiz torpaqlara gəldik. Həyatımda ən xoş gün bura qayıtdığım gündür. İyulun 14-də köçdük. Ayın 18-də isə Prezident gəldi, bizi təbrik etdi. Prezidentlə görüşdə sevincimdən ağladım. Çox səmimi görüş oldu”.

Nizami kişi deyir ki, doğma yurdunu tərk edəndə 35 yaşı olub. “Ailədə 5 nəfər idik. İndi isə üç ailə olaraq qayıtmışıq. İki oğlum ayrı yaşayır, biz isə digər oğlumla birlikdəyik. Oğlum da, həyat yoldaşım da, mən də işləyirik. Gəlinimiz də məktəbimizdə işləyəcək”.

Ailə üzvləri də bu sevincə şərikdirlər. Məhbarə xanım bir daha doğma yurdda yaşamaqdan məmnunluğunu və minnətdarlığını ifadə edir: “34 il həsrət çəkdiyimiz torpağımıza qayıtmışıq. Öz yurdumuza, elimizə gəlmişik. Şəhidlərimizə rəhmət diləyirəm, qazilərə sağlamlıq arzulayıram. Şəraitimizdən çox razıyıq. Nəvələrim məktəbə gedir”. Məhbarə xanımın simasındakı təbəssüm və nəvələrinin sevinc dolu səsləri doğma ocağın yenidən canlandığının ən böyük sübutudur. İllərin nisgilini geridə qoyan bu ailə üçün artıq hər yeni gün qələbənin və dinc quruculuğun rəmzi olaraq açılır.

Mehdiyevlər ailəsinin gəlini Aysel Mehdiyeva üçün bu köç həm də bir vətəndaşlıq borcunu yerinə yetirmək fürsətidir. İxtisasca müəllim olan Aysel artıq ata-babalarının 34 il əvvəl tərk etmək məcburiyyətində qaldığı bu torpaqlarda yeni nəsil yetişdirəcək. Gənc müəllim öz peşə fəaliyyəti ilə Qarabağın yenidən dirçəlişinə töhfə vermək əzmindədir: “Prezidentimizə təşəkkür edirəm. Qarabağın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhları qarşısında baş əyirəm. Qazilərə Allahdan cansağlığı arzulayıram. Biz onların sayəsində bu gün azad Qarabağda yaşayırıq. 34 il əvvəl ata-babamızın çıxdığı torpaqlara qayıtmışıq. Burada yaşayacağıq. Müəllim kimi ixtisasım üzrə fəaliyyət göstərəcəyəm”.

Bəli, Xanyurdu kəndində həyat yenidən canlanıb. Artıq buralarda müharibənin izləri deyil, quruculuğun, zəhmətin və xoşbəxtliyin ətri duyulur. Yenidən becərilən torpaq, əkilən ağaclar, açan çiçəklər, qurulan yeni ocaqlar bu yerlərin əvvəlkindən daha gözəl olacağından xəbər verir. Burada hər evdə, hər ailədə eyni hiss var: illərlə çəkilən həsrətin sona çatması və doğma yurda qovuşmağın sevinci.

Müxbir – Tahir Ağaməmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
azertag.az

2Mənbələr