"Belçika və Niderland parlamentlərinin qəbul etdiyi anti-Azərbaycan qətnamələri bir daha göstərir ki, bəzi dairələr hələ də reallığı görmək istəmir və qərəzli mövqelərindən əl çəkmirlər. Halbuki müasir Azərbaycan dövləti regionda sülhün, sabitliyin və inkişafın əsas dayağıdır".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi.
Onun sözlərinə görə, Azərbaycan son illərdə yalnız öz suverenliyini bərpa etməklə kifayətlənməyib, həm də regionda yeni əməkdaşlıq formatları yaradaraq, Avropa üçün enerji təhlükəsizliyinin təminatçısına çevrilib.
"Bu gün Avropanın enerji xəritəsində Azərbaycan qazı və nefti mühüm yer tutur, yaşıl enerji layihələri isə gələcəyin strateji istiqamətidir. Belə bir ölkəyə qarşı əsassız ittihamlarla çıxış etmək, əslində, Avropanın öz maraqlarına ziddir. Azərbaycanın gücü yalnız iqtisadi resurslarında deyil, həm də milli iradəsindədir. Dövlətin apardığı siyasət milli maraqlara söykənir, beynəlxalq hüququn prinsiplərinə əsaslanır. Qarabağ müharibəsindən sonra ölkə ərazilərində bərpa və quruculuq işləri aparılır, yeni şəhərlər salınır, mədəniyyət abidələri dirçəldilir. Bu, Azərbaycanın sülhə və inkişaf naminə atdığı addımların bariz nümunəsidir".

Siyasi şərhçi əlavə etdi ki, Belçika və Niderland parlamentlərinin qəbul etdiyi sənədlər Azərbaycanın uğurlarına kölgə sala bilməz:
"Çünki Azərbaycan artıq öz sözünü deyib – həm döyüş meydanında, həm diplomatik masada, həm də iqtisadi layihələrdə. Bu gün Azərbaycan regionun lider dövləti kimi çıxış edir, Avropa ilə Asiya arasında körpü rolunu oynayır.
Azərbaycanın mövqeyi aydındır: suverenlik və ərazi bütövlüyü müzakirə mövzusu ola bilməz. Bu mövqelər də beynəlxalq hüquqa tam uyğun gəlir və dünya dövlətlərinin əksəriyyəti tərəfindən dəstəklənir. Ona görə də qərəzli dairələrin qəbul etdiyi qətnamələr yalnız kağız üzərində qalacaq, Azərbaycanın inkişaf yolunu isə heç kim dayandıra bilməyəcək".
Xədicə BAXIŞLI