AZ

Aİ İsraillə assosiasiya sazişinin dayandırılmasını dəstəkləməyib

Lüksemburqdakı toplantıda bir sıra ölkələrin çağırışlarına baxmayaraq, Avropa İttifaqı İsraillə münasibətlərin sərtləşdirilməsi ilə bağlı ortaq mövqe formalaşdıra bilməyib...

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb. Məlumata görə, Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin görüşündə üzv dövlətlər İsraillə assosiasiya sazişinin dayandırılması məsələsində ortaq razılığa gələ bilməyiblər. İspaniya, İrlandiya və bəzi digər ölkələr Qəzzadakı vəziyyət, İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin genişlənməsi və ölüm hökmü ilə bağlı qanun səbəbindən daha sərt addımlar atılmasını istəyiblər. 

Lakin Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, bu təşəbbüs kifayət qədər dəstək qazanmayıb. Onun sözlərinə görə, üzv ölkələrin mövqelərində ciddi dəyişiklik baş verməyib və sazişin dayandırılması ilə bağlı konsensus formalaşmayıb. Bununla belə, İsraillə münasibətlərin gələcəkdə də müzakirə olunacağı vurğulanıb.

Məsələnin qaldırılmasında öncül rol alan ölkələr hesab ediblər ki, Aİ İsraillə münasibətlərdə daha prinsipial və sərt xətt tutmalıdır. Bu mövqe xüsusilə Qəzzadakı humanitar vəziyyət, Qərb Sahildə məskunlaşma siyasəti və İsraildə ölüm hökmü ilə bağlı yeni qanun təşəbbüsləri fonunda səsləndirilib.

Sərt tədbirlərə qarşı çıxan əsas ölkələrdən biri Almaniya olub. Almaniyanın xarici işlər naziri Yohann Vadeful genişmiqyaslı sanksiyaların, o cümlədən ticarət güzəştlərinin ləğvinin uyğun addım olmadığını bildirib. O vurğulayıb ki, Berlin İsraillə “tənqidi və konstruktiv dialoq” xəttinin davam etdirilməsini zəruri sayır.

Bununla yanaşı, Almaniya tərəfi də bəzi məsələlərlə bağlı narahatlığını gizlətməyib. Vadeful İsrail hakimiyyətindən məskunlaşanların zorakılığına qarşı daha qəti addımlar gözlədiyini bildirib. O, həmçinin ölüm hökmü ilə bağlı təşəbbüs və İordan çayının qərb sahilindəki vəziyyətlə bağlı Berlinin ciddi narahatlıq keçirdiyini deyib, həmin ərazinin ilhaqının qəbuledilməz olduğunu vurğulayıb.

Beləliklə, Aİ daxilində İsrail siyasəti ilə bağlı fikir ayrılığı davam edir. Bir tərəf münasibətlərin sərtləşdirilməsini və siyasi siqnal verilməsini tələb edir, digər tərəf isə sanksiyalar əvəzinə dialoqun qorunmasının daha məqsədəuyğun olduğunu düşünür. Bu səbəbdən Brüsselin yaxın vaxtlarda İsraillə bağlı vahid və sərt qərar qəbul etməsi hələlik real görünmür.

Poliqon.info

Seçilən
83
poliqon.info

1Mənbələr