AZ

Ermənistan seçkiləri TRIPP layihəsinin taleyini həll edə bilər

Vaşinqton Meta və Alphabet şirkətlərindən Ermənistan seçkiləri öncəsi Rusiya dezinformasiyasına qarşı tədbir görməyi istəyib.

Musavat.com xəbər verir ki, ABŞ senatorları Cin Şahin və Tom Tillis Meta və Alphabet şirkətlərinə ikipartiyalı məktub göndərərək, Ermənistanda 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri öncəsi Rusiya dezinformasiyasına qarşı kifayət qədər resurs ayırmağa çağırıblar.

Senatorlar bildiriblər ki, müstəqil ekspertlərin qiymətləndirməsinə görə, Rusiya daha əvvəl Moldovada istifadə etdiyi taktikanı indi Ermənistanda tətbiq etməyə çalışır və bunun üçün sosial media platformalarından yararlanır.

Məktubda qeyd olunur ki, Ermənistan seçkiləri ölkənin gələcəyi baxımından həlledici əhəmiyyət daşıyır. Senatorların fikrincə, bu səsvermə regiondakı sülh təşəbbüslərinin və nəqliyyat layihələrinin taleyinə birbaşa təsir göstərə bilər.

Sənəddə xüsusilə “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu” (TRIPP) adlı layihənin adı çəkilir və onun sülh danışıqlarının əsas komponentlərindən biri olduğu vurğulanır.

“Heç bir xarici gücə Ermənistanın suveren qərarlarına təsir göstərməyə icazə verilməməlidir”, - deyə məktubda qeyd olunur.

Onlar həmçinin qeyd ediblər ki, ABŞ Ermənistanın daxili siyasi seçimində tərəf tutmamalıdır, lakin xarici dövlətin seçki prosesinə müdaxiləsinə göz yuma bilməz.

Məktubda Meta şirkətinə Ermənistanda azad və ədalətli seçkilərin təmininə yardım etmək çağırışı edilib. Alphabet-dən isə seçkilər ərəfəsində Rusiya dezinformasiyasına qarşı yetərli resurs ayırması istənilib.

Bu təşəbbüs Vaşinqtonun Cənubi Qafqazda prosesləri diqqətlə izlədiyini və Ermənistan seçkilərini regionun geosiyasi gələcəyi üçün mühüm mərhələ hesab etdiyini göstərir.

Musavat.com

Seçilən
67
23
musavat.com

10Mənbələr