AZ

Yeniyetmə və gənclər arasında emosional-psixoloji davranışın artmasına səbəb nədir?

Məktəblərdə son illərdə artan aqressiya və şagird davranışlarındakı mənfi dəyişikliklər mövzusu gündəmdədir. Bu problemin yaranma səbəbləri psixoloji və sosial amillərlə əlaqələndirilir və ailə mühiti, məktəb, cəmiyyət və rəqəmsal texnologiyaların təsirini ön plana çıxarır.

“Yeni Fikir” Jurnalist Həmrəyliyi İctimai Birliyinin sədri Elmira Mehdiyeva QHT.az-a açıqlama verib.

E.Mehdiyevanın sözlərinə görə, son illərdə məktəblərdə aqressiya hallarının artması cəmiyyət üçün narahatedici siqnaldır: "Son illər məktəblərimizdə şagirdlər arasında baş verən xoşagəlməz davranışlar, aqressiya hallarının artması, həqiqətən, heç də xoş olmayan gələcəkdən xəbər verməkdədir. Nə üçün övladlarımızda qəzəb, əsəbilik və ya narazılıq hissləri çoxalıb. Nə üçün onlar bu hisslərdən başqalarına və ya özünə qarşı zərərverici şəkildə ifadə etməyə çalışırlar".

Elmira Mehdiyeva bildirib ki, uşaqlarda mənfi emosiyaların yaranmasının əsas səbəbləri müxtəlif psixoloji və sosial amillərlə bağlıdır: "Mütəxəssislər bunun səbəbini stressdə, qorxuda, ailə problemlərində, sosial təzyiq və ya daxili narahatlıqlarda görürlər. Səbəb nə olursa olsun insan özünü idarə etməyi bacarmalıdır, insan özü-özünə qalib gələrək bu mənfi emosiyalardan uzaqlaşmalıdır. Övladlarımıza verdiyimiz sərbəstlik, onlar üçün yaratdığımız şərait axırda qayıdıb özümüzə ziyan vurmamalı, bir ömür boyunca çəkə bilməyəcək qədər peşmançılıqla sonunclanmamalıdır".

Sədr vurğulayıb ki, məsuliyyət yalnız bir tərəfin deyil, ailə, məktəb və cəmiyyətin üzərinə düşür: "Kimi ailəni günahlandırır, kimi məktəbi, kimi də cəmiyyəti. İnternet də günahkarlar sırasında öndə gedir. Ailə  ilkin tərbiyəni verir, yəni uşaqların davranışları  ailədə formalaşır. Əvvəllər ailələr çoxuşaqlı olurdi və uşaqların eqoist böyüməsinə imkan yox idi".

E.Mehdiyevanın sözlərinə görə, keçmişdə ailə və məhəllə mühiti uşaqların sosial dəyərlərinin formalaşmasında mühüm rol oynayırdı: "Böyüyə-kiçiyə hörməti, bağışlamaq hissini, sevgini, bir-birinə kömək etməyi, dəstək olmağı onlar məhz bu qaynar ailə mühitində öyrənirdilər. Hələ həyət, məhəllə uşaqları ilə qaynayıb-qarışmağı, deyib-gülməyi, şənlənməyi demirəm. Uşaqlar və valideynlər stress, aqressiya, emosiya haqqında nəinki düşünməzdilər, heç belə şeylər haqqında məlumatları belə yox idi.  İnkişafın sonrakı mərhələləri bizlərəi belə ciddi təhlükələrlə üz-üzə qoydu".

Elmira Mehdiyeva bildirib ki, müasir dövrdə gənclərin psixoloji vəziyyətinə təsir edən amillər çoxşaxəlidir: "Bu gün yeniyetmə və gənclər arasında emosional-psixoloji gərginliyin və davranış dəyişikliklərinin artmasına bir-çox amillər təsir edir.  Bu səbəblər adətən bir-biri ilə əlaqəli olur və kompleks şəkildə özünü göstərir".

Sədr vurğulayıb ki, sağlam sosial mühit və ailə münasibətləri gənclərin psixoloji vəziyyəti üçün əsasdır: "Uşaqların ailə, məktəb və ya dost çevrəsi sağlam olmalıdır, valideynlərlə ünsiyyət zəif olmamalıdır, çünki  konfliktli mühit gənclərdə narahatlıq, aqressiya və ya özünə  qapanma yaradır.

E.Mehdiyevanın sözlərinə görə, rəqəmsal texnologiyaların təsiri də bu prosesdə mühüm rol oynayır: "Digər vacib faktor rəqəmsal texnologiyaların təsiridir. Uzun müddət telefon və internetdən istifadə diqqət dağınıqlığına, yuxu pozuntularına və emosional sabitsizliyə səbəb olur. Baş verənlər onu göstərir ki, virtual ünsiyyət real sosial əlaqələri zəiflədir".

Elmira Mehdiyeva bildirib ki, təhsil və gələcəklə bağlı narahatlıqlar da gənclərin psixoloji gərginliyini artırır: "Təhsil və gələcək narahatlıqlar da önəmli amillərdəndir. İmtahan stressi, karyera seçimi ilə bağlı qeyri-müəyyənlik gənclərdə psixoloji gərginliyi artırır".

Sədr vurğulayıb ki, problemin həlli üçün birgə səylər və düzgün yanaşma vacibdir: "Bu məsələnin qarşısını almaq üçün açıq ünsiyyət, psixoloji maarifləndirmə və sağlam həyat tərzi çox vacibdir. Böyüyən nəsil bizim böyüyən gəncliyimiz, ümidlərimizi bağladığımız gələcəyimizdir. Bizim üçün hər bir yeniyetmə qiymətlidir, əgər bir gəncimizi cəmiyyət üçün lazımlı, sağlam düşüncəli, əqli, fiziki cəhətdən sağlam böyüdə bilmiriksə demək günah tək bir nəfərin üzərində deyil, elə hamımız bunda günahkarıq".

E.Mehdiyevanın sözlərinə görə, cəmiyyət olaraq birlikdə hərəkət etmək vacibdir: "Gəlin səylərimizi birləşdirək və övladlarımıza sahib çıxaq".

Fatimə Nəbiyeva

Seçilən
72
qht.az

1Mənbələr