World Food Programme Afrikada ərzaq təhlükəsizliyini gücləndirmək üçün “World Food Invest” adlı yeni investisiya fondunu işə salır. Məqsəd kiçik və orta aqrobiznesləri maliyyələşdirərək qida istehsalı və təchizat zəncirini inkişaf etdirməkdir.
QHT.az xarici mediaya istinadən bildirir ki, layihəyə 2024-cü ildə başlanılıb və fond ayrıca hüquqi qurum kimi fəaliyyət göstərəcək. Ümumi həcmi 500 milyon dollar olan fondun 2035-ci ilə qədər fəaliyyət göstərməsi planlaşdırılır.
Fondun idarəçiliyi hələ seçilməmiş xarici menecerə veriləcək. Vəsaitlər əsasən kənd təsərrüfatı şirkətlərinə 500 min – 10 milyon dollar arası güzəştli kredit və ya investisiya kimi yönəldiləcək.
Layihəyə xeyriyyə təşkilatları, inkişaf maliyyə institutları və özəl sektorun qatılması gözlənilir. Məqsəd riskləri azaldaraq Afrikada ərzaq sektoruna daha çox investisiya cəlb etməkdir.