AZ

Ukrayna zərbələri Kremlə sovet üsulunu xatırlatdı

Neft emalı zavodlarına hücumlardan sonra Moskva yanacaq istehsalını mərkəzləşdirilmiş qaydada idarə etməyə başlayır.

Musavat.com xəbər verir ki, Rusiya hakimiyyəti Ukrayna pilotsuz aparatlarının neft emalı zavodlarına davamlı zərbələri fonunda benzinin istehsalı və satışında sovet dövrünü xatırladan “Qosplan” tipli mərkəzləşdirilmiş idarəetmə modelinə qayıdır.

“İnterfaks”ın məlumatına görə, Rusiya Energetika Nazirliyi neft şirkətlərinə icrası məcburi olacaq göstərişlər göndərəcək. Bu göstərişlər yanacaq istehsalının həcmi, daxili bazara göndərişlər, ixrac və birja satışlarını əhatə edəcək.

Məlumata əsasən, yeni “raznaryadka” sistemi Aİ-95 və dizel yanacağının 5-ci sinif standartlarına şamil olunacaq və şirkətlərlə Energetika Nazirliyi arasında bağlanacaq razılaşmalarda təsbit ediləcək.

Gözlənilir ki, hökumətin qərarından sonra bu mexanizm qüvvəyə minəcək və 2026-cı ilin sonunadək tətbiq olunacaq.

Bundan əlavə, yanacaqdoldurma məntəqələrində qiymətlər də sərt dövlət nəzarətinə götürüləcək. Neft şirkətləri qiymət artımını rəsmi inflyasiya həddində saxlamağa öhdəlik götürəcəklər. Prosesə Energetika Nazirliyi və Federal Antiinhisar Xidməti nəzarət edəcək.

Məqalədə qeyd olunur ki, ötən il Ukrayna dronları Rusiya neft emalı zavodlarına azı 80 dəfə hücum edib. Nəticədə ölkənin müxtəlif bölgələrində benzin qıtlığı yaranıb.

2025-ci ilin sentyabrında yanacağın qiyməti illik hesablamada 12,7 faiz artaraq son 14 ilin rekorduna çatmışdı. İlin sonunda artım tempi 10,8 faizə düşsə də, bu göstərici rəsmi inflyasiyadan xeyli yüksək qalıb.

2026-cı ilin əvvəlindən isə azı 12 neft emalı zavodu dron hücumuna məruz qalıb. Onlardan beşi istehsalı dayandırmağa məcbur olub.

Bunlar arasında Rusiyanın ən iri müəssisələrindən sayılan:

  • “Kinef” (Leninqrad vilayəti, ildə 20 milyon ton)
  • “Nijegorodnefteorqsintez” (ildə 17 milyon ton)
  • Novokuybışevsk zavodu
  • Saratov zavodu
  • Tuapse zavodu var.

Beləliklə, Ukraynanın enerji infrastrukturuna qarşı cavab zərbələri Rusiyada təkcə iqtisadi deyil, idarəetmə modelində də dəyişikliklərə səbəb olur. Kreml yanacaq bazarını artıq sərbəst mexanizmlərlə deyil, birbaşa dövlət göstərişləri ilə idarə etməyə keçir.

Musavat.com

Seçilən
71
musavat.com

1Mənbələr