AZ

Qapalı məkanda panikaya düşməmək üçün nə etməli? 4 4 7 qaydası

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Dünən metroda sərnişinlərin uzun müddət qapalı məkanda qalması narahatlıq və gərginlik yaratdı. Xüsusilə sıxlıq və havasızlıq bir çox insanın səhhətinə mənfi təsir göstərdi. Hadisə zamanı bəzi sərnişinlərin panika yaşadığı və tibbi yardıma ehtiyac duyduğu bildirilir. Bu cür hallar stressi necə idarə etməli olmağımızla bağlı suallar yaradır.Məsələ ilə bağlı psixoloq Gülnar Orucova Demokrat.az-a bildirib ki, sıxlıq özü narahatlıq yaradır:"Digər problem isə qatarların bəzən uzun müddət, hətta bir saatadək dayanmasıdır. Bu zaman müxtəlif xarakterli və fərqli xəstəlikləri olan insanlar eyni mühitdə qalır. Panik atak keçirənlər, ürək xəstəliyi olanlar, bronxial astmadan əziyyət çəkənlər üçün vəziyyət daha riskli olur.Psixoloji problemləri və aqressiyası olan insanların sayı da artır. Qaranlıqda qalmaq, havasızlıq, qapalı məkandan qorxu kimi hallar bəzi insanlarda kəskin reaksiyalar yaradır. Bu vəziyyətdə insanlar ciddi narahatlıq keçirir, hətta ölə bilərlər. Nə baş verəcəyinin və nə vaxt bitəcəyinin bilinməməsi qorxunu daha da artırır. Belə hallarda bəzi sərnişinlər panik atak yaşayır, digərləri isə güclü qorxu və stress keçirir. Bu cür hadisələr insanlara ağır təsir edir və nəticədə bəziləri metrodan istifadə etməkdən çəkinə bilər. Hətta bəziləri bu psixoloji təsiri aradan qaldırmaq üçün mütəxəssisə də müraciət etmir və narahatlıq uzun müddət davam edir".Psixoloq deyib ki, hətta kiçik obyektlərdə belə generator olduğu halda, bu sistemin belə vəziyyətə düşməsi sual doğurur:"Minlərlə insanın bu qədər acınacaqlı şəraitdə qalması ciddi narahatlıq yaradır. Bu, insanlarda qorxu və gərginliyi daha da artırır. Belə hallarda davranışa da diqqət yetirmək lazımdır. Sərnişin anlamalıdır ki, bu, kütləvi nəqliyyatdır və prosesə nəzarət edən qurumlar var. Eyni zamanda, ətrafdakı insanların dediklərini həddindən artıq ciddiyə almaq düzgün deyil. Çünki bu, həyəcanı daha da artırır və mövcud stressi gücləndirir. Son dövrlərdə insanların stresə davamlılığı xeyli zəifləyib. Halbuki gündəlik həyatın hər sahəsində stress qaçılmazdır və onu idarə etməyi öyrənmək lazımdır. Qapalı mühitdə, xüsusən metroda internetin işləməməsi də əlavə gərginlik yaradır.Bəzi insanlar belə anlarda yaxınları ilə əlaqə qura bilmədiyi üçün daha çox qorxu yaşayır və hətta ölüm barədə düşünür. Ölüm qorxusu olanlar üçün bu vəziyyət daha ağır keçir, çünki onlar hər an təhlükə hissi ilə üz-üzə qalır. Bu səbəbdən mənfi fikirlərdən uzaq durmaq vacibdir. Panika yaradan və yanlış məlumat verən insanlardan məsafə saxlamaq lazımdır. Nəfəs məşqləri kömək edə bilər. Məsələn, 4 saniyə nəfəs almaq, 4 saniyə saxlamaq və 7 saniyədə vermək sinir sistemini sakitləşdirir. İmkan varsa oturmaq, su içmək də vəziyyəti yüngülləşdirə bilər. Bu sadə addımlar insanın özünü daha stabil hiss etməsinə kömək edir",- deyə o qeyd edib.Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
demokrat.az

1Mənbələr