Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən bitkiçilik sahəsində dövlət dəstəyinin səmərəliliyinə dair aparılmış audit zamanı ciddi nöqsanlar üzə çıxıb.
Gununsesi.info-nun xəbərinə görə, yoxlama 2022-ci ilin əvvəlindən 2025-ci ilin aprelinədək olan dövrü əhatə edib və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, onun tabeliyində fəaliyyət göstərən Aqrar Kredit və İnkişaf Agentliyi, eləcə də digər əlaqəli qurumların fəaliyyətini əhatə edib.
Audit nəticələrinə görə, subsidiya mexanizmlərinin planlaşdırılması və tətbiqində ciddi çatışmazlıqlar mövcuddur. Fəaliyyət planlarında səmərəliliyi ölçən əsas göstəricilər nəzərə alınmayıb, qərarların strateji sənədlərlə uyğunluğu təmin edilməyib.
Aşkar edilib ki, bəzi hallarda əkin subsidiyaları düzgün hesablanmayıb, uyğun olmayan torpaq sahələrinə və hətta becərilməyən ərazilərə görə milyonlarla manat vəsait ödənilib. Məsələn, peyk məlumatları ilə təsdiqlənməyən sahələr üzrə 24,2 milyon manat subsidiya verilib, ümumilikdə isə bəzi uyğunsuzluqlar üzrə on milyonlarla manat artıq ödəniş riski formalaşıb.
Bundan əlavə, qurumlar arasında məlumat uyğunsuzluğu da müəyyən edilib. Eyni məhsullar üzrə əkin sahələri və istehsal göstəriciləri müxtəlif dövlət qurumlarında fərqli rəqəmlərlə əks olunub ki, bu da hesabatlılıq və koordinasiya problemlərini üzə çıxarıb.
Audit həmçinin göstərib ki, subsidiya vəsaitlərinin bir hissəsi hüquqi şəxslərin hesablarına deyil, fiziki şəxslərin kartlarına köçürülüb, bu isə vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti çətinləşdirib.
Texnika və digər güzəştlərlə bağlı mexanizmlərdə də boşluqlar aşkarlanıb. Köhnə texnikalara güzəştlərin tətbiqi, sənədləşmənin düzgün aparılmaması və elektron sistemlərin tam inteqrasiya edilməməsi dövlət vəsaitlərinin səmərəliliyini azaldıb.
Ümumilikdə audit dövlət dəstəyinin ünvanlılıq, səmərəlilik və nəticəlilik baxımından tam təmin olunmadığını göstərib. Hesablama Palatası aşkar olunmuş nöqsanların aradan qaldırılması və subsidiya mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tövsiyələr verib.
Maqsud
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.