AZ

Mərkəzi Bank: Növbəti dəstək tədbirləri ilə lizinq sahəsinin inkişafını hədəfləyirik

ain.az bildirir, Marja.az portalına istinadən.

Azərbaycan Mərkəzi Bankı (AMB) təqdim edəcəyi növbəti dəstək tədbirləri ilə maliyyə icarəsi sahəsinin (lizinqin) inkişafını hədəfləyir.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında AMB-nin sədr müavini Toğrul Əliyev "Maliyyə icarəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, hazırda AMB qüvvədə olan "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində daha geniş imkanların, alternativ maliyyə mexanizmlərinin, o cümlədən girov təminat tələbi olmayan mexanizmlərin yaradılmasını hədəfləyir: "Bu baxımdan təqdim edəcəyimiz növbəti dəstək tədbirlərinin bu sahəni inkişaf etdirəcəyinə ümid bəsləyirik".

T.Əliyev qeyd edib ki, bu qanun layihəsi ilə maliyyə icarəsi xidmətləri daxil olmaqla, alternativ maliyyə xidmətlərinin genişləndirilməsinə dair dəstək tədbirləri nəzərdə tutulur: "Məlum olduğu kimi, Azərbaycanda bu istiqamətdə müəyyən mexanizmlər mövcuddur. Eyni zamanda, məsələn, Mərkəzi Bankın banklar və bank olmayan kredit təşkilatları ilə əlaqədar müəyyən təşviq tədbirləri həyata keçirməsi nəzərdə tutulub. Söhbət sahibkarlıq subyektlərinin maliyyələşdirilməsindən gedir. Biz analoji yanaşmanı maliyyə icarəsi xidməti göstərən şəxslərə də şamil etməyi nəzərdə tuturuq".

"Lizinq şirkəti kimi qeydiyyatda olan hüquqi şəxslərin 5-10 %-i maliyyə icarəsi xidməti göstərir"

Toğrul Əliyev qeyd edib ki, Azərbaycanda mövcud olan normativ-hüquqi baza maliyyə icarəsi fəaliyyətinin genişləndirilməsini və inkişafını tam dəstəkləmir.

"Maliyyə icarəsini səciyyələndirən və adi icarədən fərqləndirən əsas xüsusiyyətlər qanunvericilikdə əks olunmur, bu sahənin müvafiq tənzimləmə ilə, nəzarət fəaliyyəti ilə əhatə olunmaması maliyyə bazarlarından vəsait cəlb edilməsi və bu sahənin inkişafı baxımından yetərincə zəmin yaratmır. ​Bu baxımdan qanun layihəsinin qəbulu nəticəsində maliyyə icarəsi xidmətləri göstərən təşkilatların daha geniş fəaliyyəti əhatə etməsi, bu sahənin inkişafı üçün zəmin yaranması nəzərdə tutulur. Hazırda maliyyə icarəsi ilə banklar, bank olmayan kredit təşkilatları məşğul olur, lakin təəssüf ki, maliyyə icarəsi məhsulu üzrə müştərilərə və bu sahə üzrə ixtisaslaşan təşkilatlara ayrılan vəsaitlərin məbləği qənaətbəxş deyil", - deyə qeyd edib.

Bundan başqa, onun sözlərinə görə, Azərbaycanda lizinq şirkəti kimi dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin cəmi 5-10 %-i maliyyə icarəsi fəaliyyəti göstərir: "Bu sahə üzrə xüsusi icazə tələb olunmur, odur ki, sadəcə vergi qeydiyyatından keçməklə sahibkarlıq fəaliyyəti göstərən şəxslər də maliyyə icarəsi fəaliyyəti göstərə bilirlər, lakin praktik olaraq bu fəaliyyətlə məşğul olan şəxslərin az bir hissəsi maliyyə icarəsi xidmətləri göstərir. Bu da say etibarilə müxtəlif dövrlərdə mövcud olan təşkilatların 5-10 %-ni əhatə edir, yəni bundan artıq olmur. ​Eyni zamanda reallıq odur ki, müvafiq sahibkarlıq subyektləri vergi qeydiyyatından keçərkən fəaliyyət növü kimi digər oxşar fəaliyyətləri də seçirlər və onların təqdim etdiyi maliyyə icarəsi xidmətlərinin dəyərinin və əhatə dairəsinin müəyyən edilməsi çətinləşir".

İş elanları AzVak.az-da

© "Report"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
67
3
marja.az

8Mənbələr