AZ

Əsrlərin sınağından keçən birlik: dil və dastanlar türk kimliyinin təməli qismində

Azertag saytına istinadən ain.az xəbər verir.

AZƏRTAC türk xalqlarının folkloru, adət-ənənələri, həmçinin mədəni irsinə həsr olunmuş materiallar silsiləsini davam etdirir

Bakı, 22 aprel, AZƏRTAC

Türk dünyası təkcə ortaq tarixi keçmiş deyil, həm də dilin, adət-ənənələrin, epik irsin və ortaq dəyərlərin milli sərhədlər və coğrafi məsafələr boyunca xalqları birləşdirməyə davam etdiyi vahid mədəni məkandır. Qloballaşma kontekstində tarixi yaddaş, mədəni kod və ənənələrin davamlılığı məsələləri xüsusi əhəmiyyət kəsb edir. Dil və epos təkcə ünsiyyət vasitəsinə və ya ədəbi abidələrə deyil, həm də kimliyin və cəmiyyətin mənəvi sabitliyinin təməlinə çevrilir.

AZƏRTAC Ankaranın Hacı Bayram Vəli Universitetinin müəllimi, professor, elmlər doktoru Feyzi Ersoy ilə söhbəti davam etdirir.

Həmsöhbətimiz mövzunun davamında dil və epik irsin türk xalqlarının mədəni yaddaşının qorunmasında rolu üzərində dayanıb.

- Türk dillərinin tarixi inkişafına nəzər saldıqda, ən əhəmiyyətli dönüş nöqtələrinin hansı dövrlərdə baş verdiyini düşünürsünüz?

- Türk dillərinin təkamülündə əsas mərhələlər müxtəlif tarixi dövrlərdə baş verib. XIII əsr ilk əhəmiyyətli dönüş nöqtələrindən biri hesab edilə bilər. O vaxta qədər türk dili vahid sistem daxilində inkişaf edib və ortaq yazılı dildən istifadə olunub. Lakin XIII əsrdən sonra iki əsas istiqamətə - qərb və şərqə bölünməyə başlayıb və sonrakı inkişaf da bu xətlər üzrə davam edib.

Digər mühüm mərhələ keçmiş Sovet İttifaqı ərazisində yaşayan türk xalqları arasında əlifbaların dəyişdirilməsi idi. Müxtəlif türk dillərinin kiril əlifbasının müxtəlif variantlarına keçidi Türk dünyasında dil və mədəni əlaqələrin zəifləməsinə, bəzi hallarda isə kəsilməsinə səbəb olub.

- Türk dilinin danışıldığı ən erkən bölgəni müəyyən etmək olduqca çətindir. Tədqiqatçılar bu məsələdə hansı tapıntılara və ya tarixi mənbələrə əsaslanır?

- Yazılı abidələr haqqında mühakimə yürütmək daha asandır, çünki konkret və maddi məlumatlara sahibik. Lakin şifahi nitqin ilk dəfə harada yarandığını dəqiq müəyyən etmək olduqca çətindir. Bunun əsas səbəblərindən biri yazının şifahi dildən xeyli gec yaranmasıdır.

Ənənəvi olaraq, türk xalqları əcdadlarının vətəni Mərkəzi Asiya, xüsusən də Türküstan bölgəsi hesab olunur. Türk dilinin ən qədim yazılı qeydləri indiki Monqolustan ərazisində aşkar edilib.

Lakin professor Ahmet Ercilasun son tədqiqatında türklərin və nəticədə türk dilinin mənşəyinin təxminən 9000 il əvvələ təsadüf etdiyi iddiasını irəli sürür. O, indiki Türkmənistan ərazisindəki Kopetdağ bölgəsini ilkin yaşayış məskəni kimi təklif edir. Bu mövzu ilə bağlı ətraflı məlumat onun 2024-cü ildə nəşr olunmuş “Köklərə doğru” kitabında təqdim olunur.

- “Dədə Qorqud”, “Manas” və “Koroğlu” kimi epik mətnlərin dili bizə ortaq mədəni lüğət haqqında nələri deyir?

- Epik mətnlər şifahi ənənənin məhsuludur və onların yazılı şəkildə qeydə alınması daha sonra baş verib. Bu əsərlərdə türk mədəniyyətinin bir çox ortaq elementləri var. Onlar türklərin doğuşdan ölümə qədər həyatını, adət-ənənələrini, ayinlərini və həyat tərzlərini əks etdirir.

Bəzi hallarda, dastanlar gündəlik istifadədən çıxmış və zamanla unudulmuş sözləri qoruyub saxlayır. Məhz buna görə də bu cür mətnlər xüsusilə dəyərlidir - onlar mədəni yaddaşın daşıyıcısı və qoruyucusu qismində çıxış edir, nəsillərin davamlılığı və dil irsinin qorunmasında mühüm rola malikdir.

Müxbir – Günel Alıyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
azertag.az

2Mənbələr