“Real Madrid”in prezidenti Florentino Perez mövsümün sonunda komandanın heyətində genişmiqyaslı dəyişikliklər etməyi planlaşdırır. Metbuat.az xəbər verir ki, yay transfer dönəmində bir sıra futbolçularla yolların ayrılması gündəmdədir. Siyahıda ilk olaraq yarımmüdafiəçi Eduardo Camavinqanın adı çəkilir. Bildirilir ki, futbolçu ötən yay da klubdan ayrılmaq istəyini ifadə etmişdi. Komandanın digər üzvləri Fran Qarsia, Raul Asensio və Dani Ceballosun da gələcəyi qeyri-müəyyəndir. Eyni zamanda müdafiə xəttində David Alaba və Dani Carvajal ilə müqavilələrin yenilənməyəcəyi gözlənilir. Bu qərar klubun yaşlanan heyəti gəncləşdirmə strategiyasının bir hissəsi kimi qiymətləndirilir. Hücum xəttində isə Franko Mastantuono və Qonzalo Qarsianın icarəyə göndərilməsi planlaşdırılır. Bu addım futbolçuların daha çox oyun təcrübəsi qazanması məqsədi daşıyır. Digər tərəfdən, klub daxilində Vinisius Junior və ya Cude Bellinghemdən birinin satış ehtimalı da müzakirə olunur. Rəhbərlik yüksək transfer gəliri əldə etmək üçün bu variantı istisna etmir.