AZ

Cəmilə Əsgərova: Musiqi çox vaxt uşağın inkişafına aparan əsas amilə çevrilir

Bakı, 22 aprel, AZƏRTAC

AZƏRTAC xüsusi qayğıya ehtiyac olan uşaqlara yaradıcılıqla məşğul olmağın müsbət təsiri ilə bağlı mütəxəssislərlə və pedaqoqlarla silsilə söhbətləri davam etdirir.

Pedaqoq, musiqi terapevti, Beynəlxalq Musiqi Təhsil Mərkəzinin təsisçisi və direktoru Cəmilə Əsgərova musiqi terapiyası barədə danışıb. Həmin müsahibəni təqdim edirik:

- Cəmilə xanım, ümumilikdə musiqi ilə məşğul olmaq xüsusi qayğıya ehtiyac olan uşaqlara necə təsir edir?

- Musiqi çox vaxt xüsusi qayğıya ehtiyac olan uşaqla əlaqə yaratmağın ilk və ən əlçatan yollarından birinə çevrilir. O, söz, izah və ya hazırlıq tələb etmir - uşaq sadəcə dinləyə, hiss edə və qarşılıq verə bilər. Səs və ritm vasitəsilə o, prosesə qoşulmağa, reaksiya verməyə, özünü ifadə etməyə başlayır.

Musiqinin təsiri eyni anda bir neçə sahəni əhatə edir: emosiyalar, bədən və qavrayış. Uşaq hərəkət edə, dayana, diqqətlə qulaq asa, təkrar edə bilər. Bunların hamısı artıq iştirak formasıdır. Elə buna görə də musiqi çox vaxt inkişaf üçün bir növ açara çevrilir, xüsusilə digər ünsiyyət yolları çətin olduqda özünü daha qabarıq biruzə verir. Amma başa düşmək lazımdır ki, musiqi daha geniş yaradıcılıq sisteminin bir hissəsidir. Uşağın inkişafına digər fəaliyyət növləri də daxildir: rəsm çəkmək, fiqurlar düzəltmək, sensor oyunlar, hərəkət. Bunlar vasitəsilə uşaq diqqətini toplamağı, yadda saxlamağı, yeni şeyləri sınamağı öyrənir, lakin bunu yumşaq şəkildə, təzyiq olmadan edir.

Hər bir fəaliyyət, istər boyalara toxunmaq, istər plastilinlə işləmək, istərsə də məkanda hərəkət etmək motorikanın, koordinasiyanın və bədənlə qavrayış arasındakı əlaqənin formalaşmasına kömək edir. Bununla yanaşı diqqət, nitq və özünəinam da inkişaf edir.

Yaradıcılıq ümumilikdə uşağa sözsüz özünü ifadə etmək imkanı verir. İzah etməyin çətin olduğu yerdə rəng, forma və hərəkət vasitəsilə göstərmək mümkündür. Bu da dünyanı daha anlaşılan və təhlükəsiz, uşağın özünü isə daha dayanıqlı edir.

Bununla belə, bütün bu istiqamətlər arasında məhz musiqi xüsusi yer tutur. O, həm hərəkəti, həm emosiyanı, həm qavrayışı, həm də qarşılıqlı əlaqəni birləşdirir. Uşaq təkcə eşitmir, həm də hiss edir, qarşılıq verir, “burada və indi” prosesinə qoşulur.

Buna görə də musiqi terapiyası çox vaxt sadəcə yaradıcılığın bir hissəsi deyil, əlaqə yaratmaq, təşvişi azaltmaq və uşağın inkişaf prosesini başlatmaq üçün ayrıca, çox təsirli üsula çevrilir.

- Musiqi terapiyası birbaşa necə təsir göstərir?

- Daha əvvəl də dediyim kimi, məhz musiqi çox vaxt uşaqla əlaqə yaratmağın ən əlçatan üsuluna çevrilir. Musiqi terapiyasında isə bu təsirdən məqsədyönlü və sistemli şəkildə istifadə olunur. Musiqi terapiyası “düzgün” və ya “səhv” etmək demək deyil. Bu, əlaqə, hisslər və uşağın tədricən prosesə qoşulması deməkdir. Burada xüsusi bacarıqlar tələb olunmur, əsas olan iştirakın özüdür.

Musiqi terapiyasının əsas üstünlüklərindən biri onun çevik olmasıdır. O, müxtəlif formalarda ola və uşağın vəziyyətinə uyğunlaşa bilər. Uşağın musiqi dinləməsi passiv formadır. Belə format təşvişi azaltmağa, rahatlaşmağa, diqqəti daha yaxşı cəmləməyə və emosional vəziyyəti yumşaq şəkildə tənzimləməyə kömək edir. Aktiv forma isə iştirak deməkdir, yəni sadə alətlərdə ifa etmək, musiqi altında hərəkət etmək, səsləri təkrarlamaq. Bu zaman həm xırda, həm də iri motorika inkişaf edir. Belə ki, uşaq öz bədənini daha yaxşı hiss etməyə, hərəkətlərini əlaqələndirməyə və idarə etməyə başlayır. Aktiv formada xüsusilə vacib olan odur ki, uşaq öz hərəkəti ilə nəticə arasındakı əlaqəni görməyə başlayır. O, hərəkət etdi və səs yarandı. Bu, “mən təsir edə bilirəm” anlayışını formalaşdırır və özünəinamı artırır.

Autizm spektr pozuntusu olan uşaqlar üçün musiqi çox vaxt özünüifadənin ən əlçatan yollarından birinə çevrilir. Sözlərdən istifadə etməyin çətin olduğu yerdə səs, ritm və ya hərəkət vasitəsilə “demək” imkanı yaranır. Musiqi vasitəsilə uşaq öz vəziyyətini ifadə edə, başqa insana qarşılıq verə və tədricən əlaqə qura bilər. Bu mənada musiqi uşağın daxili aləmi ilə ətrafındakı insanlar arasında körpüyə çevrilir. Həmçinin musiqi vasitəsilə sadə qarşılıqlı əlaqə strukturu formalaşır: səs - qarşılıq - pauza - təkrar. Bu, uşağa dinləməyi, gözləməyi və cavab verməyi öyrənməyə kömək edir.

Musiqi terapiyası qiymətləndirmə olmadan sınamağın, səhv etməyin və təkrar etməyin mümkün olduğu təhlükəsiz mühit yaradır. Elə buna görə də o, inkişafın dəstəklənməsi üçün ən təsirli vasitələrdən birinə çevrilir.

- Valideynlərə evdə sərbəst şəkildə uşaqlara nə etməyi tövsiyə edərdiniz?

- Evdə musiqi terapiyasını gündəlik həyata çox yumşaq şəkildə daxil etmək olar. Bunun üçün xüsusi bilik və mürəkkəb alətlər lazım deyil. Əsas məqsəd “məşğələ keçmək” deyil, musiqidən uşaqla ünsiyyət vasitəsi kimi istifadə etməkdir.

Ən sadə yol səs oyunlarından başlamaqdır. Əl çalmaq, nəyəsə vurmaq, sadə səslər çıxarmaq və uşağa onları təkrar etməyi təklif etmək olar. Yaxud əksinə, onun çıxardığı səsləri təkrar etmək mümkündür. Belə “səs dialoqları” qarşılıqlı əlaqəni öyrədir və ünsiyyət yaradır.

Evdəki “alətlər” də yaxşı nəticə verir: qaşıqlar, qazanlar, qutular, içinə yarma və ya dənli məhsul tökülmüş balaca butulkalar. Uşaq təkcə səsi eşitmir, onu hərəkət vasitəsilə də hiss edir. Bu isə həm qavrayışın, həm də motorikanın inkişafına kömək edir.

Qısa musiqi ayinləri də etmək olar. Məsələn, yatmazdan əvvəl eyni melodiya və ya təmizlik işlərindən əvvəl qısa mahnı. Zaman keçdikcə uşaq bu siqnalları tanımağa başlayır və bir fəaliyyətdən digərinə daha rahat keçir.

Musiqi altında hərəkətləri də əlavə etmək faydalıdır, məsələn, addımlar, əl çalmalar, yırğalanmalar. Bu, bədəni daha yaxşı hiss etməyə, gərginliyi azaltmağa və enerjinin çıxmasına kömək edir.

Bəzən, sadəcə, musiqini qoşmaq və uşağın reaksiyasını müşahidə etmək kifayətdir: ona nə xoş gəlir, hansı səslər onu sakitləşdirir və ya əksinə, fəallaşdırır. Bu, uşağın vəziyyətini daha yaxşı anlamağa kömək edir.

Yadda saxlamaq vacibdir ki, burada məqsəd “düzgün öyrətmək” deyil. Əsas olan proses, oyun və birgə iştirakdır. Hətta gündə bir neçə dəqiqə belə nəticə verir.

Ən qiymətli məqam isə valideynin iştirakıdır. Siz uşağın səslərinə qarşılıq verəndə, onları onun ardınca təkrar edəndə, birlikdə oynayanda məhz həmin anda inkişafın əsasını təşkil edən həqiqi əlaqə yaranır.

Müəllif – Anara Axundova

Seçilən
49
1
azertag.az

2Mənbələr