Almaniya Kubokunun yarımfinal mərhələsində “Bayer” ilə “Bavariya” qarşılaşıb.
90deqiqe.Az xəbər verir ki, “BayArena” stadionunda keçirilən matçı Berlin şəhərindən olan Felyiks Tsvayerin başçılıq etdiyi hakimlər briqadası idarə edib. Görüş Münhen klubunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda hesabı 22-ci dəqiqədə “Bavariya”nın hücumçusu Harri Keyn açıb. 90+4-cü dəqiqədə Luis Dias fərqi artıraraq qonaqların qələbəsini rəsmiləşdirib.
Turnirin 1/4 final mərhələsində Münhen klubu “Leyptsiq”i 2:0, Leverkuzen təmsilçisi isə “Sankt Pauli”ni 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlmişdi.
Yarımfinalın digər görüşündə “Ştutqart” və “Frayburq” komandaları üz-üzə gələcək. Matç 23 aprelə planlaşdırılıb.
Hazırkı Almaniya Kubokunun sahibi “Ştutqart”dır. Komanda 2024/2025 mövsümündə finalda “Arminiya”nı 4:2 hesabı ilə məğlub edərək titula sahib çıxıb.