ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
İranın Qazaxıstandakı səfiri Əli Əkbər Coukar bildirib ki, ABŞ və İsrailin hərbi əməliyyatları zamanı Bəndər-Ənzəli limanına edilən hücumlar Xəzər regionunda sülhə, ticarət əməkdaşlığına və ekologiyaya ciddi təhdid yaradır.
Bizimyol.info xəbər verir ki, diplomat bu barədə Regional Ekoloji Sammit çərçivəsində Xəzər mövzusuna həsr olunmuş sessiyada çıxışı zamanı danışıb və sahilyanı beş ölkəni bu hücumları pisləməyə çağırıb.
Onun sözlərinə görə, hərbi əməliyyatlar nəticəsində İranın Xəzər sahilində yerləşən limanları, o cümlədən liman infrastrukturu və ticarət gəmiləri hücuma məruz qalıb. Coukar vurğulayıb ki, bu cür addımlar regionda sabitliyi poza, ciddi ekoloji və humanitar fəsadlara səbəb ola, həmçinin sahilyanı dövlətlər arasında iqtisadi əməkdaşlığa zərbə vura bilər.
Səfir əlavə edib ki, İran Xəzər dənizindəki limanlara edilən hücumları qətiyyətlə pisləyir və digər sahilyanı dövlətlərdən də bu “əsassız aqressiyanı” qınamağı gözləyir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Bəndər-Ənzəli limanına hücum barədə martın 18-də məlumat yayılmışdı. Aprelin 7-də ABŞ prezidenti Donald Trump iki həftəlik qarşılıqlı atəşkəs elan edib. İran tərəfinin məlumatına görə, 40 gün davam edən müharibə zamanı 3 375 nəfər həlak olub.
Aprelin 11-də Tehran və Vaşinqton İslamabadda danışıqlar aparsa da, tərəflər uzunmüddətli razılığa gələ bilməyib. Aprelin 21-də ABŞ atəşkəsi uzatmaq niyyətini açıqlayıb, lakin Tehran bunu birtərəfli qərar kimi qəbul etməyəcəyini bildirib.
Qadir, Bizimyol.ifo
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.