Dünyanın bir çox ölkəsində binalarda 13-cü mərtəbənin, təyyarələrdə isə 13 nömrəli oturacağın olmaması ilk baxışda qəribə görünsə də, bunun arxasında texniki deyil, tamamilə psixoloji və mədəni səbəblər dayanır. Metbuat.az xəbər verir ki, mütəxəssislərin “triskaidekafobiya” adlandırdığı 13 rəqəminə qarşı qorxu əsrlərdir davam edən batil inanclardan qaynaqlanır. Qərb mədəniyyətində 13 rəqəmi uğursuz sayıldığı üçün bir çox otel və göydələnlərdə 12-ci mərtəbədən sonra birbaşa 14-cü mərtəbə göstərilir. Eyni yanaşma bəzi hava yollları şirkətlərində də tətbiq olunur və 13 nömrəli oturacaq ümumiyyətlə istifadə edilmir. Araşdırmalara görə, bəzi havayolları şirkətləri sərnişinlərin narahatlıq yaşamaması üçün bu addımı atır. Çünki batil inanca inanan sərnişinlər 13 nömrəli oturacaqda oturmaqdan çəkinir və bu da ümumi uçuş təcrübəsinə mənfi təsir göstərir. Maraqlıdır ki, bu hal təkcə Qərbdə deyil, Asiya ölkələrində də fərqli rəqəmlərlə yaşanır. Məsələn, bəzi Asiya mədəniyyətlərində 4 rəqəmi “ölüm” sözü ilə səsləşdiyi üçün uğursuz sayılır və bəzi binalarda istifadə edilmir.Beləliklə, 13-cü mərtəbənin və 13 nömrəli oturacağın “yoxluğu” mühəndislik yox, insanların batil inanclarının gündəlik həyata təsirinin nəticəsidir.