Antalya Diplomatik Forumu çərçivəsində çəkilən və qısa zamanda geniş rezonans doğuran bir foto regional və qlobal müzakirələrin mərkəzinə çevrilib. Fotoda İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərifin səmimi şəkildə əl-ələ görüntülənməsi üç ölkə arasındakı strateji tərəfdaşlığın vizual simvolu kimi dəyərləndirilməkdədir. Sosial mediada və ekspert dairələrində geniş müzakirə olunan bu kadr təkcə diplomatik jest deyil, eyni zamanda geosiyasi mesaj kimi qəbul olunur. Qeyd edək ki, mövzuya münasibət bildirən Türkiyənin xarici işlər naziri Hakan Fidan da açıqlamasında Türkiyə, Azərbaycan və Pakistan arasında əməkdaşlığın daha da dərinləşdiyini vurğulayıb. Onun fikrincə, bu cür görüntülər dostluğun və qarşılıqlı etimadın real təzahürüdür və regionda sabitlik baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın siyasi ekspertləri də hesab edirlər ki, sözügedən foto təsadüfi deyil və üç ölkə arasında formalaşan strateji ittifaqın növbəti mərhələyə keçidinin göstəricisidir. Azərbaycan-Türkiyə-Pakistan xətti artıq təkcə siyasi deyil, həm də hərbi, iqtisadi və humanitar sahələrdə koordinasiyalı əməkdaşlıq modeli kimi çıxış edir. Bu baxımdan, Antalya forumundan yayılan görüntü həm region ölkələrinə, həm də qlobal güclərə açıq mesaj kimi oxunur.
"Bu üç ölkə arasındakı əməkdaşlıq həm də beynəlxalq miqyasda diqqət çəkir"
Milli Məclisin deputatı Fazil Mustafa Hafta.az-a bildirib ki, Antalya Forumunda üç ölkə liderinin fotosu əslində bizim üçün təəccüblü olmamalıdır.

O, qeyd edib ki, İkinci Qarabağ müharibəsi zamanı da bu foto olmasa belə, hər üç dövlətin təmsilçiləri sonrakı mərhələlərdə – həm Laçında, həm də Türkiyədə keçirilən görüşlərdə açıq şəkildə göstərdilər ki, biz çox ciddi müttəfiqlik münasibətlərinə malikik.
Debutat vurğulayıb ki, bu foto da əslində, həmin münasibətlərin əyani göstəricisidir və bəyan edir ki, bu üçlük ortaq maraqlar ətrafında daha sıx birləşir və qarşılıqlı dəstək prinsipini davam etdirir:
“Üç ölkə bir-biri ilə bəlkə də tarixlərinin heç bir dövründə olmadığı qədər yaxın və qardaş münasibətlərə malikdir və bir-birinə davamlı dəstək verir. Bu üçtərəfli yaxınlaşma regionda güc balansına da ciddi təsir göstərir.
Qarabağ müharibəsi zamanı da gördük ki, bir çox ölkələr bu birliyin gücünü nəzərə alaraq hər hansı bir müdaxilə və ya addım atmaqdan çəkinirdi. Aydın idi ki, bu üç dövlətin birgə mövqeyi ilə qarşılaşmaq lazım gələcək. Necə ki, həm Pakistan, həm də Türkiyə rəhbərliyi açıq şəkildə bildirmişdi ki, Azərbaycana qarşı münasibət, eyni zamanda, onlara qarşı münasibət kimi qiymətləndiriləcək. Bu baxımdan, regionda ciddi güc balansından danışılırsa, bu üç dövlətin birlikdəliyi xüsusi əhəmiyyət kəsb edir”.
O, qeyd edib ki, Hakan Fidanın açıqlamaları da ittifaqın perspektivləri ilə bağlı müəyyən siqnallar verir:
“Hazırda bu istiqamətdə ikitərəfli və üçtərəfli əməkdaşlıq çərçivəsində ciddi addımlar atılır. Hərbi və siyasi sahələrdə əməkdaşlıq genişlənir. Xüsusilə Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib. Pakistanla da demək olar ki, bütün sahələr üzrə mühüm dövlətlərarası müqavilələr imzalanıb. Bütün bunlar onu göstərir ki, gələcəkdə bu əməkdaşlığın daha formal ittifaq modelinə çevrilməsi ehtimalı mövcuddur. Azərbaycan–Türkiyə–Pakistan əlaqələri hazırda daha çox iqtisadi və hərbi sahədə özünü göstərsə də, bundan sonra mədəni, siyasi və sosial sahələrdə də inkişaf edəcək.
Bu üç ölkə arasındakı əməkdaşlıq həm də beynəlxalq miqyasda diqqət çəkir. Bu üçlükdə nüvə silahına malik dövlət də var, böyük hərbi gücə sahib ölkə də var və regionun aparıcı aktoru da təmsil olunur. Bu isə artıq ciddi bir güc mərkəzinin formalaşdığını göstərir və beynəlxalq ictimaiyyət üçün də açıq mesaj xarakteri daşıyır”.
"Belə bir güc hər zaman çəkindirici olmaqla yanaşı, həm də sabitləşdirici amildir"
Politoloq Natiq Miri bildirir ki, artıq hansısa mərhələdən danışmaq doğru deyil.

Dostluq dediyin qəlb işidir. Bu baxımdan, əgər artıq “dostluq”dan danışılırsa, demək ki, ortada qarşılıqlı böyük etimad mövcuddur. Bu etimad varsa, münasibətlər artıq çox ciddi mənəvi təməllər və bağlar üzərində qurulub.
Politoloq vurğulayıb ki, bundan sonrakı məqamlar isə artıq təfərrüatdır:
“Əslində, bu görüntü və yanaşma hər şeydən əvvəl bir olmanın, yəni birlik nümayişidir. Birlik isə güc deməkdir. Ona görə də bu birlik və güc nümayişi təkcə regional və qlobal güclərə mesaj deyil, eyni zamanda, bütün dünya birliyinə, beynəlxalq ictimaiyyətə dostluğun, qardaşlığın və nəticə etibarilə insanlığın birliyinin mesajıdır, çünki hər şey bir olduqca güclüdür, parçalandıqca zəifləyir”.
O, qeyd edib ki, bu gün çağdaş dünyada gördüyümüz mənzərə ciddi qütbləşmiş bir dünyadır. Dünyanın müxtəlif regionlarında geosiyasi maraqların toqquşması fonunda müharibələr gedir, dağıntılar baş verir, insanlar həyatını itirir:
“Azərbaycan, Türkiyə və Pakistan insanlığa mesaj verir ki, əslində birlik mümkündür. Yetər ki, qarşılıqlı etimad, səmimiyyət, doğruluq və münasibətlərdə qarşılıqlı hörmət mövcud olsun. Bu gün çatışmayan əsas məqam ədalətdir – hər kəsə haqq etdiyi dəyərin verilməsidir. Təəssüf ki, bu prinsip çox vaxt pozulur. Bu baxımdan, bu birliyin nümayişi böyük məna daşıyır. Burada söhbət təkcə hərbi, iqtisadi və ya siyasi əməkdaşlıqdan getmir. Ən böyük mesaj insanlığa verilən mənəvi dərsdir. Mənəvi birlik olmadığı yerdə yalnız maraqlara əsaslanan ittifaqlar ilk ciddi sınağa qədər davam edir. Azərbaycan, Türkiyə və Pakistan birliyinin də tarixi kökləri dərin və möhkəmdir. Bu, həm mənəvi-psixoloji yaxınlığı göstərir, həm də bir olmağın sabitlik və sülh demək olduğunu sübut edir”.
Onun sözlərinə görə, bu şərəfli yaxınlaşma regiondakı güc balansına ciddi şəkildə təsir edir. Əsas amil odur ki, bu güc balansı, eyni zamanda, sabitləşdirici faktor kimi çıxış edir. Azərbaycan deyildikdə dərhal qardaş Türkiyə yada düşür, Türkiyə deyildikdə isə dost Pakistan xatırlanır. Bu üç dövlət birlikdə olduqda çox böyük güc ortaya çıxır:
“Bu baxımdan, belə bir güc həm çəkindirici rol oynayır, həm də sabitləşdirici amil kimi çıxış edir. Məsələnin ən real və praktik əhəmiyyəti də məhz bundan ibarətdir. Onsuz da regionda güc balansı artıq çoxdan dəyişib və status-kvo yenilənib. Əgər əvvəllər Cənubi Qafqazda əsas hegemon dövlət Rusiya idisə, hazırda vəziyyət dəyişib. Yeni reallıqda sabitlik amili kimi Azərbaycan, qardaş Türkiyə və Azərbaycan-Türkiyə-Pakistan birliyi çıxış edir. Bu birlik təkcə Cənubi Qafqaz və Türkiyə üçün deyil, bütövlükdə Avşçnjrasiya məkanında sabitləşdirici faktor kimi əhəmiyyət daşıyır. Avrasiya dedikdə onun mərkəzində yerləşən Orta Asiya regionu və burada mövcud olan türk dövlətləri nəzərdə tutulur. Bu dövlətlər Türk Dövlətləri Təşkilatı çərçivəsində birləşir və bu inteqrasiya prosesi getdikcə daha da dərinləşir. Beləliklə, bu əməkdaşlıq modeli yalnız regional deyil, daha geniş coğrafiyada sabitlik və əməkdaşlıq üçün yeni platforma formalaşdırır”.
N.Miri qeyd edib ki, bu birliyin perspektivindən danışsaq, belə bir güc hər zaman çəkindirici olmaqla yanaşı, həm də sabitləşdirici amildir. Əsas perspektiv gələcəkdə vahid güc mərkəzinə çevrilməkdir – həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan:
"Dünya hazırda yenidənformalaşma mərhələsindən keçir və belə bir dövrdə hesablaşılacaq güc mərkəzi olmaq vacibdir. Bu baxımdan, Orta Asiya respublikalarının da bu üçlüyə qoşulması ilə Avrasiyada yeni güc balansı formalaşa bilər. Bu gün bu əməkdaşlığın real nəticələri müşahidə olunur və proses yalnız bəyanatlarla məhdudlaşmır. Ona görə də hərbi-sənaye sahəsində əməkdaşlıq daha da dərinləşdirilməli, birgə istehsal və təchizat layihələri gücləndirilməlidir. Hesab edirəm ki, bu proses artıq başlayıb və gələcəkdə daha da inkişaf edərək davam edəcək”.
"Antalya Diplomatiya Forumunda yayılan bu foto daha geniş geosiyasi prosesin vizual ifadəsidir"
Politoloq Rəşad Bayramov bildirib ki, Antalya Diplomatiya Forumu çərçivəsində yayılan və Prezident İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Şahbaz Şərifin əl-ələ görüntüləndiyi foto hər nə qədər sadəcə protokol və ya dostluq jesti kimi görünsə də, əslində daha dərin geosiyasi məna daşıyan simvolik bir mesaj kimi qiymətləndirilməlidir.

O, qeyd edib ki, müasir beynəlxalq münasibətlərdə liderlərin bədən dili və vizual mesajları çox vaxt rəsmi bəyanatlardan az əhəmiyyət daşımır, bəzən isə onlardan daha güclü siyasi siqnal funksiyası yerinə yetirir:
"Bu baxımdan, həmin kadr Azərbaycan-Türkiyə-Pakistan üçlüyünün münasibətlərinin artıq emosional və siyasi yaxınlıqdan çıxaraq daha strukturlaşmış strateji əməkdaşlıq mərhələsinə keçdiyini göstərir. Bu, münasibətlərin artıq təkcə ikitərəfli deyil, üçtərəfli koordinasiya modelinə çevrildiyini göstərir. Azərbaycan-Türkiyə münasibətləri uzun illərdir strateji müttəfiqlik səviyyəsindədir, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında formalaşan siyasi xətt bu əməkdaşlığın əsas sütununu təşkil edir. Pakistanın bu formata daha aktiv şəkildə inteqrasiyası isə əməkdaşlığın coğrafi və strateji miqyasını daha da genişləndirib. Azərbaycan-Türkiyə-Pakistan arasında imzalanan Bakı bəyannaməsi bunun bariz sübutudur. Odur ki, Şahbaz Şərifin bu görüntüdə iştirakı artıq bu üçlüyün təsadüfi diplomatik yaxınlıq deyil, müəyyən siyasi məntiqə əsaslanan koordinasiya modeli olduğunu göstərir”.
R.Bayramov hesab edir ki, bu cür simvolik görüntülər regiondakı güc balansına da müəyyən təsir göstərir. Cənubi Qafqaz, Mərkəzi Asiya və Cənubi Asiya kəsişməsində yerləşən bu üç ölkə fərqli geosiyasi məkanları birləşdirən bir ox yaradır:
“Bu ox ənənəvi güc mərkəzlərinə alternativ deyil, lakin onlara paralel olaraq yeni diplomatik və iqtisadi əməkdaşlıq platforması formalaşdırır. Bu isə regionda çoxqütblü balansın daha da güclənməsi deməkdir. Xüsusilə enerji, nəqliyyat dəhlizləri və təhlükəsizlik məsələlərində bu üçlük koordinasiyalı mövqe nümayiş etdirdikcə, regional oyun qaydaları da tədricən dəyişir”.
Bayramov hesab edir ki, Hakan Fidanın bu yaxınlaşmanı müsbət qiymətləndirməsi isə prosesin təkcə simvolik deyil, həm də dövlət siyasəti səviyyəsində dəstəkləndiyini göstərir:
"Onun açıqlamaları bu əməkdaşlığın gələcəkdə daha institusional xarakter alacağına dair siqnallar verir. Bu, sadəcə, liderlər arasında şəxsi münasibətlərə əsaslanan format deyil, dövlət strukturlarının da daxil olduğu daha sistemli əməkdaşlıq modelidir. Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığının gələcəkdə daha da dərinləşə biləcəyi sahələr də kifayət qədər genişdir. Müdafiə sənayesi və hərbi texnologiyalar sahəsində koordinasiya, birgə hərbi təlimlər, enerji təhlükəsizliyi layihələri, nəqliyyat və tranzit dəhlizlərinin inkişafı, həmçinin ticarət əlaqələrinin genişləndirilməsi bu istiqamətlərə daxildir. Bundan əlavə, humanitar sahədə, xüsusilə təhsil, mədəniyyət və texnoloji mübadilə platformalarında da əməkdaşlığın artması mümkündür. Bu, üç ölkə arasında siyasi inteqrasiya ilə yanaşı, sosial və iqtisadi inteqrasiyanın da güclənməsinə gətirib çıxara bilər”.
Politoloq beynəlxalq ictimaiyyət üçün bu görüntünün bir neçə mesajı ehtiva etdiyini önə çəkib:
“Birincisi, bu üç ölkə arasında qarşılıqlı siyasi dəstək və koordinasiya mövcuddur. İkincisi, bu əməkdaşlıq regionda sabitlik və balans yaratmaq iddiası daşıyır. Üçüncüsü, tək-tək dövlətlərə yönəlmiş təzyiq siyasətlərinə qarşı kollektiv mövqe formalaşması ehtimalını göstərir. Bu, beynəlxalq münasibətlərdə artan bloklaşma tendensiyasının yumşaq forması kimi də qiymətləndirilə bilər. Hərbi və təhlükəsizlik əməkdaşlığı baxımından isə gələcəkdə daha dərin koordinasiya ehtimalı mövcuddur. Bu, müdafiə sənayesi əməkdaşlığı, kəşfiyyat məlumatlarının paylaşılması və birgə təhlükəsizlik təlimləri formasında inkişaf edə bilər”.
"Bu münasibətlər bütün istiqamətləri əhatə edən kompleks strateji tərəfdaşlıq səviyyəsinə çatıb"
Siyasi şərhçi Əli Mustafa hesab edir ki, Türkiyə, Azərbaycan və Pakistan arasında əməkdaşlıq artıq müəyyən mərhələni geridə qoyaraq keyfiyyətcə yeni səviyyəyə yüksəlməkdədir.

Onun sözlərinə görə, bu üç ölkə arasında münasibətlər yalnız formal diplomatik əlaqələrlə məhdudlaşmır, əksinə, real siyasi dəstək və strateji həmrəylik üzərində qurulub.
Ə.Mustafa qeyd edib ki, müxtəlif dövrlərdə tərəflərdən hər hansı biri çətin vəziyyətlə üzləşdikdə, digərlərinin açıq və qəti dəstəyi bu əməkdaşlığın praktiki mahiyyətini ortaya qoyub:
“Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, bu münasibətlər artıq bütün istiqamətləri əhatə edən kompleks strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Hərbi, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlıq ardıcıl şəkildə genişlənir, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda müxtəlif sazişlər imzalanır. Bu isə tərəflər arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu göstərir. Tarixi təcrübə də bu birliyin dayanıqlılığını təsdiqləyir.
İkinci Qarabağ müharibəsi zamanı Türkiyə və Pakistanın Azərbaycanın yanında açıq şəkildə mövqe sərgiləməsi bu əməkdaşlığın real nəticələr verə biləcəyini göstərdi. Bu dəstək yalnız siyasi bəyanatlarla məhdudlaşmayaraq, strateji üstünlüyün formalaşmasında mühüm rol oynadı. Mövcud dinamiklik göstərir ki, bu üçlük arasında münasibətlər tədricən daha dərin inteqrasiya mərhələsinə keçə bilər”.
Ekspert digər tərəfdən hesab edir ki, bu üçtərəfli əməkdaşlıq regionda güc balansına da ciddi təsir göstərir. Paralel olaraq müxtəlif ölkələrin alternativ ittifaq formatlarında birləşdiyi müşahidə olunsa da, Azərbaycan-Türkiyə-Pakistan xətti, artıq mühüm hərbi-siyasi çəkisi olan blok kimi formalaşır. Bu isə regionda digər aktorların davranışlarına da təsir edərək, potensial risklər qarşısında çəkindirici faktor rolunu oynayır.