AZ

Florensiyada turist tarixi heykəli zədələdi - Polis saxladı

Florensiyada turist tarixi heykəli zədələdi - Polis saxladı

İtaliyanın Florensiya şəhərində yerləşən 16-cı əsrə aid tarixi Neptun fəvvarəsi bir turistin müdaxiləsi zamanı zərər görüb.

AFN.az xəbər verir ki, 28 yaşlı qadın turist toyqabağı zarafat məqsədilə nəhəng mərmər heykələ dırmaşaraq abidəyə ziyan vurduğu üçün saxlanılıb.

Piazza della Signoria meydanında yerləşən və 1559-cu ildə heykəltəraş Bartolomeo Ammannati tərəfindən hazırlanan abidəyə dırmaşan şəxs polis əməkdaşları tərəfindən cinayət başında yaxalanıb. Florensiya Bələdiyyə Məclisindən verilən məlumata görə, həmin qadın rəfiqələri ilə girdiyi mərc nəticəsində heykələ toxunmaq üçün abidəyə çıxdığını etiraf edib.

Bələdiyyə mütəxəssislərinin apardığı araşdırma zamanı turistin dırmaşarkən ayaq basdığı at fiqurlarının ayaqlarında və tutduğu frizlərdə kiçik, lakin əhəmiyyətli zədələrin yarandığı müəyyən edilib. Rəsmilər abidəyə dəyən ziyanın bərpası üçün təxminən 5 min avro vəsait tələb olunduğunu açıqlayıblar.

Mədəni və memarlıq irsinə zərər vurmaqda ittiham olunan turist barəsində hüquqi icraat başladılıb. Florensiya Bələdiyyə Məclisinin İncəsənət Ofisinin rəhbəri Giorgio Kaselli son vaxtlar turistlərin sosial şəbəkələr üçün meydan oxuma videoları çəkmək məqsədilə abidələrə dırmaşmasının bir trendə çevrildiyini və bunun cəhalətdən qaynaqlandığını vurğulayıb.

Qeyd edək ki, ildə 16 milyon turisti qəbul edən Florensiyada bənzər hadisələr əvvəllər də yaşanıb. Ötən il almaniyalı bir turist selfi çəkdirmək üçün eyni heykələ dırmaşaraq ciddi zərər vurmuşdu.

Seçilən
86
15
afn.az

10Mənbələr